
“Rəqibi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda Bolqarıstan "Levski"sinə 0:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis hazırda çox da danışa bilmədiyini söyləyib: "İki oyunda qol vura bilmirsənsə, rəqib mərhələ adlamağa daha layiqdir. Stadiona gələn azarkeşlərə təşəkkür edirəm, onların dəstəyin hiss etdik”.
Litvalı baş məşqçi taktiki baxımdan oyunu şərh etməyin hələlik erkən olduğunu deyib: “Məyusuq, amma bunu unutmalıyıq. Sabahdan etibarən çempionat oyununa hazırlaşmalıyıq. Bizim inkişaf etməyimiz üçün işləməli çox şeyimiz var. Yaxşı çıxış edərək yenidən avrokuboka vəsiqə qazanmalıyıq”.
Dambrauskas Sofiyadakı ilk oyunda qorxaq oyun oynamadıqlarını vurğulayıb: “Belə deməyiniz bizim oyunçulara hörmətsizlikdir. Sofiyada ən azından nizamlı oynadıq. Yaxşı nəticə deməzdim, amma son saniyələrdə heç-heçəni əldən verdik. Bugünkü oyunun ilk hissəsini yenidən izləsəniz, görərsiniz ki, xətlər arasında oyunçular necə açılırdı. Rəqib bu gün risk etmirdi, amma biz edirdik. İlk qol zamanı standart vəziyyətdə səhvimiz oldu. Rəqibdən fərqimiz odur ki, dəqiq ötürmələrimiz çatışmırdı. Bu da rəqibin müdafiəyə qapanması ilə əlaqədar idi. Bunun üzərində hazırlaşaraq inkişaf etməliyik. Mentalitetimizi dəyişmirik, çempionata köklənməliyik. Arzumuz var ki, yenidən avrokuboklara vəsiqə qazanaq”.
O, azarkeşlərin stadionu məyus halda erkən tərk etməsini şərh edib: “Azarkeşlərə nəzarət etmək bizim əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Nəticəmiz yaxşı olsaydı, onlar stadionu tərk etməyəcəkdilər, əksinə, alqışlayacaqdılar. Məncə, daha yaxşı nəticə ilə azarkeşləri daha xoşbəxt edə bilərik”.
Baş məşqçi Pavol Şafranko və Cesse Sekidikanın əvəzlənməsin səbəbi barədə danışıb: “Yanılmıramsa, bu dəyişikliklər olanda artıq hesabda geridə idik. Meydana daxil olan daha gümrah və güclü olur. Dəyişiklik elə bir şeydir ki, onlar qol vursaydı, siz deyəcəkdiniz ki, düzgün əvəzləmə idi, oyunu yaxşı oxudunuz. Daha çox kreativliyi olan oyunçuları meydana daxil etdik”.
Dambrauskas komandasının boşluqlar buraxmadığını söyləyib: “İlk hissədə rəqibin cəmi 1 zərbəsi var idi. İkinci hissədə qol buraxmamaq üçün onlar daha geri çəkildilər. Əks-hücumlarda çox da fərqlənə bilmirdilər, cəmi 1 fürsətləri oldu və bundan da istifadə etdilər. Rəqibimizin “Levski" olduğunu unutmayın, Bolqarıstan çempionatında ikinci olublar. Transfer dəyərləri də bizdən çoxdur. Sofiyadakı son 10 saniyə bizi yaxşı nəticədən ayırdı. Daha güclü komanda üçün bütün futbolçuları göndərib əvəzinə yeni heyət qurmaq mənlik deyil. Mən belə baş məşqçi deyiləm. Qarşımıza baxmalıyıq və əlimizdə olanlardan istifadə etməliyik”.
Baş məşqçi "Sabah"ın Azərbaycan Premyer Liqasındakı məqsədini də açıqlaylb: “Maksimumumuzu verməliyik. Hər bir oyunda qalib gəlmək istəyirik”.