
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Macarıstanda "Ferentsvaroş"un qonağı olub.
Budapeştdəki "Groupama Arena"da baş tutmuş qarşılaşma Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 29-cu dəqiqədə "Ferentsvaroş"un hücumçusu Barnabaş Varqa açıb. Varqa bu mövsüm Çempionlar Liqasında 5-ci qolunu vurub.
"Qarabağ" isə fasilədən sonra geridönüş etməyi bacarıb. 50-ci dəqiqədə Marko Yankoviç uzaqdan zərbə ilə hesabı bərabərləşdirib.
67-ci dəqiqədə Kevin Medina künc zərbəsindən ötürülmüş topa əlverişli vəziyyətdən dəqiq zərbə endirib.
Oyunda son nöqtəni isə meydana yenicə daxil olan Musa Qurbanlı təkbətək nəticəsində qoyub.
Beləliklə, "Qarabağ" səfərdən inamlı qələbə ilə dönərək, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi cavab görüşünə böyük üstünlüklə çıxıb. "Ferentsvaroş" isə 2022/2023 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində olduğu kimi, yenə öz meydanında eyni hesabla məğlub olub.
---------------------------
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxacaq.
Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.
Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
19 avqust
23:00. “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 1:3
Qollar: Barnabaş Varqa, 30 - Marko Yankoviç, 50. Kevin Medina, 67. Musa Qurbanlı, 85
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”