
"Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma başqa şeylər fikirləşmək istəmirəm".
Sportnet.az xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferentsvaroş" üzərində 3:1 hesablı səfər qələbəsinin qazanıldığı ilk oyundan sonra "Qarabağ"ın futbolçusu Musa Qurbanlı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Komandasının sonuncu qoluna imza atmış 23 yaşlı hücumçu istəyinə səbr sayəsində çatdığını bildirib: "İndiyədək də məşqlərdə çox çalışmışam, əlimdən gələni etmişəm. Sadəcə, səbirli olmaq lazım idi. Bundan sonra da eyni qaydada daha artıqlaması ilə çalışacağam. Onsuz da Allah nə zaman istədisə, insanı mükafatlandırır. Mənə düşən yalnız işləməkdir".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la cavab görüşünü avqustun 27-də keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:45-də başlanacaq.