
"Ferentsvaroş" klubu Macarıstan çempionatının ilk turunda "Kişvarda"ya qarşı nəzərdə tutulan oyununun təxirə salınmasını istəyib.
Sportnet.az xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün belə bir xahişlə Macarıstan Futbol Federasiyasına müraciət edib.
Müraciət müsbət cavablandırılıb və avqustun 24-də keçirilməli olan səfər oyunu təxirə salınıb.
"Qarabağ" isə cavab görüşündən əvvəl avqustun 22-də Azərbaycan Premyer Liqasının II tur matçında "Sumqayıt"ı qəbul edəcək. Ağdam komandasının ilk turda "Sabah"a qarşı səfər matçı təxirə salınmışdı.
Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündə üz-üzə gələcək. Oyun saat 20:45-də başlanacaq. Budapeştdəki ilk matçda Azərbaycan komandası qələbə qazanıb - 3:1.