
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Xorvatiyada "Hayduk" və "Zirə" arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda baş vermiş insidentlərlə əlaqədar tədbirlər görüb.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun açıqladığı qərarlarda iyulun 31-də "Polyud" stadionunda keçirilmiş cavab görüşündə yerli azarkeşlərin tribunada ictimai keçidləri blokladıqları əksini tapıb. Bu səbəbdən, "Hayduk" 14 min avro cərimələnib.
Eyni zamanda, qərarda meydana əşyaların atıldığı bildirilir. Bu isə Split təmsilçisinə 10 min 375 avroya başa gəlib.
Beləliklə, "Hayduk" azarkeşlərinə görə, 24 min 375 avro (təqribən 48 min manat) cərimələnib.
Xatırladaq ki, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt oynanılıb. Bu bölümdə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.