
Bu gecə birdən-birə 3 klub UEFA Çempionlar Liqasının əsas raunduna vəsiqə qazana bilər. Qazaxıstanın "Kayrat", Norveçin "Budö Qlimt" və Kiprin "Pafos" komandaları Liqa mərhələsinin bir addımlığındadırlar. Onların hər birinin ilk pley-off oyunlarda göstərdiyi nəticə bu istəyin real olduğunu söyləməyə əsas verir.
"Kayrat" Şotlandiyada "Seltik"lə qolsuz heç-heçə edib, "Budö Qlimt" evdə Avstriya "Şturm"unu darmadağın edib - 5:0. "Pafos" isə Serbiyada "Srvena Zvezda"ya qalib gəlib - 2:1. Əsas mərhələyə bundan da yaxın olmaq mümkündürmü?
Bizi isə başqa bir sual düşündürür: Onlar Çempionlar Liqasının Liqa mərhələsinə düşə bilirlərsə, niyə "Qarabağ" da bunu bacarmasın? Hansından zəifdir?
Azərbaycan klubu "Kayrat"ı 4 il əvvəl Konfrans Liqasının qrup mərhələsindəki hər iki oyununda eyni hesabla məğlub edib - 2:1. "Budö Qlimt" ötən mövsüm Avropa Liqasında yarımfinaladək gəlsə də, Liqa mərhələsində Ağdam komandası yeganə qələbəsini məhz bu klub üzərində səfərdə elə analoji hesabla qazanmışdı.
"Pafos"a gəldikdə, adı elə hər şeyi deyir. Azərbaycanda əməlləri "pafos" olan komanda ilə eyni stadionu bölüşmək nəyə desən, dəyər. Yeri gəlmişkən, utopik rəhbərliyə malik klubun indiki baş məşqçisi Kurban Berdıyev "Qarabağ" 2021-ci ildə qalib gəldiyi vaxt "Kayrat"ın sükanı arxasında idi.
Uzun sözün qısası, "Kayrat", "Budö Qlimt" və ya "Pafos" Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandığı halda, "Qarabağ"ın kənarda qalması tarixi ədalətsizlik olar. Macarıstan "Ferentsvaroş"u ilə mübarizədə işin böyük hissəsi görülüb, səfərdə inamlı qələbə qazanılıb, qalır ev oyununda rəsmiləşdirmək.
Ona görə "Ferentsvaroş" səddinin keçiləcəyi heç bir şübhə doğurmamalıdır. Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionuna 8 ildən sonra əldə olunacaq tarixi zəfəri qeyd etməyə yollanmalıdırlar.
Pafos kimi çıxmasın, alaçıqlar qurulub, ocaqlar qalanıb, qalır bayram şənliyini qeyd etmək. Gəlsin Çempionlar Liqasının Liqa mərhələsi!
Amma "Qarabağ" hara, "Pafos" hara?