
"Növbəti mərhələyə keçmək üçün komanda olaraq səhvlərə yol verməyəcəyik. Hər bir oyunçu fərdi səhvlərə diqqət etməli və komandamıza kömək etməlidir".
Sportnet.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Robbi Kin Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis komandasının sabahkı oyuna tam hazır olduğunu bildirib: "İlk matçda adi vəziyyətlərdən qollar yedik. Rəqib bu imkanlardan yaxşı istifadə etdi və ilk oyunda qalib gəldi. İndi isə fiziki hazırlığımız yerindədir və oyuna tam motivasiya ilə çıxacağıq".
Kin futbolçu kimi əldə etdiyi nailiyyətlərə baş məşqçi kimi çatmaq istəyini də dilə gətirib: "Liverpul" və "Tottenhem" kimi böyük komandalarla oynamışam. Təbii ki, bu səviyyəyə çatmaq çox sevindiricidir. Bu komandalar çox güclüdür və sabahkı oyunda həmin klublarda oynadığım zaman olduğu kimi həyəcanlıyam. Baş məşqçi və sabiq oyunçu olaraq məqsədim hər zaman ən yüksək yerləri tutmaqdır".
O, komandasından 6 futbolçunun Macarıstan millisinə dəvət almasına çox sevindiyini vurğulayıb: "Mən gənc oyunçulara həmişə şans verirəm. İş prinsipim oyunçuların daha da güclənməsinə və inkişafına töhfə verməkdir".
Baş məşqçi "Ferentsvaroş"un "Qarabağ"la oynayacağı Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxmaqdan imtinasını belə əsaslandırıb: "Biz həmişə öz stadionumuzda məşq edirik. Bəlkə bəziləri düşünür ki, bütün stadionlar eynidir, amma biz həmişə öz meydanımızda çalışaraq gəlirik və bu, oyunumuza müsbət təsir edir".
Kin 1:3 hesablı məğlubiyyətin revanşında geridönüş etməyin mümkünlüyünü iddia edib: "Mən uzun müddətdir futbol sahəsindəyəm və bilirəm ki, futbolda hər şey mümkündür. "Liverpul"da 0:3 hesabı ilə geridə olduğumuz halda tarazlıq yarada bilmişdik. Geridönüş edərək, 3:2 və 4:2 hesabı ilə qalib gəldiyimiz hallar da olub. Sabah da hər şey ola bilər. Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq, işimiz komandamızı maksimum oyuna hazır vəziyyətə gətirmək və ən yüksək nəticəni əldə etməkdir".