
⁰İlk öncə futbolçularımı təbrik edirəm. Çox gərginlik və məsuliyyətlə bu işin öhdəsindən gəldik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaları ilə yekunlaşan Macarıstan "Ferentsvaroş"una qarşı pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəqib çox bərk və güclü komanda kimi 3:2 hesablı qələbəyə layiq idi: "Meydanda gördükləri işə baxanda demək olar ki, onlar da Çempionlar Liqasına layiq idilər. Mənim oyunçularımın nə qədər gərgin olduğunu görürdüm. Oyunçularımdan soyuqqanlılıq tələb etsəm də, özüm də gərgin idim. Sonda rəqibi təbrik etdim".
Qurbanov mərhələ adlamalarında soyuqqanlı davranışlarının da rol oynadığını bildirib: "Mənim kartlarım həmişə açıqdır. Oyunöncəsi mətbuat konfranslarında da bildirmişdim ki, soyuqqanlı davranmalıyıq. Rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməmək lazımdır, çünki belə böyük oyunlar soyuqqanlılıq tələb edir. Hirs və əsəbilik olarsa, futbolçular səhvlər edə bilər. Komandamdan daha çox cəsarətli və ağıllı oynamağı tələb etmişəm. İstənilən nəticədə oyundan qorxmalı deyildik".
O, sevinc göz yaşlarını gizlətməyə çalışdığını bildirib: "Hardan gördünüz ki? Gizlədirdim axı. Özümü saxlayırdım. Təki belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq, yeni-yeni uğurlar əldə edək. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun, göz yaşlarım olsun. Amma qaçılmazdır. Dünya futbolunda da olan maraqlı hadisədir. Görək də".
Baş məşqçi 7 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın əvvəlki ilə müqayisədə dəyişməsini təbii sayıb: "İldən-ilə hamımız dəyişirik. İllər sonra, 7 ildən sonra, Çempionlar Liqasının qrupuna düşdük. Burada futbolun bu zaman ərzində dəyişən tərəflərini xırdalasaq, bu çox uzun çəkər. Ümumi həyatımızda necə dəyişikliklər olursa, buradakı futbol da elə dəyişir".
Qurbanov ikinci hissədə meydana buraxdığı Emmanuel Addainin çəkisi ilə bağlı problemin olmadığını da dilə gətirib: "Onun çəkisi qaydasındadır. Belə oyunlarda sonradan meydana çıxmaq asan deyil. Bu gün heç bir futbolçuya mənfi bir söz demiyəcəm. Onlar bu gün qazandılar".
Baş məşqçi "Bu qələbədən sonra nə edəcəksiniz?” sualını isə belə cavablandırıb: “Qardaşlarım rayondan gəlib. Onlarla restoranda oturacağam".
Təcrübəli mütəxəssis Çempionlar Liqasına vəsiqənin önəminə də diqqət çəkib: "Bu, ölkə futbolunu daha da sevdirir və hər bir futbolçunun arzusudur ki, ən böyük turnirdə iştirak etsin. Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Azarkeşlərimiz ən azı iki nəhəng klubu Bakıda görəcəklər. Bu, həm bizim, həm də AFFA üçün çox yaxşı haldır. Hamının bunu canlı izləməsi böyük əhəmiyyət kəsb edir. "Barselona" ilə oynamaq mənim üçün təhlükəli olar, amma azarkeşlər baxımından sevindirici haldır. "Barselona"nı canlı izləmək böyük zövq olar".
Qurbanov yeni transferlərin edilməsi istiqamətində işlərin aparıldığını bildirib: "Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusən, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir".
O, hələlik Liqa mərhələsindəki oyunları harada keçirəcəklərinə dair qərar qəbul olunmadığını diqqətə çatdırıb: "Düzü, hələ belə qərar verilməyib. Bəlkə məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etsin. Çempionlar Liqasının çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Bakı Olimpiya Stadionunda gəldikdə, oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə, orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq".
53 yaşlı mütəxəssis Prezident İlham Əliyevin təbrik paylaşımına belə reaksiya verib: "Cənab Prezident Çempionlar Liqası kimi turnirə vəsiqə qazandığımız üçün bizi təbrik edib və “Qarabağ”a uğurlar arzulayıb. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, bizim kimi o da böyük turnirdə Azərbaycanı yenidən görməyi səbirsizliklə gözləyirdi. Başda cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bir daha bu da göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı".