
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə evdə Macarıstan "Ferentsvaroş"una qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra Sportnet.az-a eksklüziv müsahibə verib.
- "Ferentsvaroş"a 2:3 hesabı ilə uduzsanız da, iki oyunun yekununda Liqa mərhələsinə adladınız. Təəssüratlarınız necədir?
- Maraqlı oyun oldu. Hər birimiz qələbə qazanmağa və ya ümumi hesabdakı üstünlüyümüzü qoruyaraq, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməyə çalışdıq. Sevinirəm ki, bunun öhdəsindən gəlməyi bacardıq.
- Qol vura bilməsəniz də, komandanızın ilk qolunda məhsuldar ötürmə verdiniz. Düşünmürsünüz ki, hücumçunun vəzifəsi təkcə qol vurmaq deyil?
- Əlbəttə, hücumçunun işi təkcə qol vurmaq deyil, ötürmə vermək də deyil. Forvardın meydanda müəyyən işləri olur. Bura mövqeləri bağlamaq, rəqibi pressinq altında saxlamaq. Sevinirəm ki, bunlar yaxşı alındı.
- Yeri gəlmişkən, son zamanlar bu məsələ ilə əlaqədar çox müzakirə olunursunuz...
- Fikir vermirəm. Mənim işim meydançadadır. Çıxıram, işimi görürəm, sonra da evimə gedirəm.
- Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələlərində 2 qol vurmusunuz. Düşünmürsünüz ki, qol sayını artırmaq lazımdır?
- Əlbəttə, həmişə artırmaq, yaxşı nəticə üçün çox çalışmaq lazımdır.
- "Qarabağ"a yeni hücumçunun gəlişi sizə rəqabət baxımından necə təsir edəcək?
- Heç bir problem yoxdur. Rəqabət daha da xoşdur. Çünki həmin mövqenin oyunçuları daha da inkişaf edir.
- Çempionlar Liqasının Liqa mərhələsindən gözləntiləriniz nədir?
- Əvvəlcə rəqiblərimiz bilinsin. İnanıram ki, yaxşı olacaq.
- Bəs özünüz karyeranızı Avropada davam etdirməyi düşünürsünüz?
- Xeyirlisi, inşallah, görək, qismət... Yaxşı olar.
- Nə zaman qismət olar?
- Mən bilmirəm. Bu, Allahın işidir.