
AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev 1996 - 1998-ci illərdə "Qarabağ"ın formasını geyinib.
52 yaşlı sabiq yarımmüdafiəçi Sportnet.az-a müsahibəsində Ağdam komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"una qarşı çıxışı (3:1, 2:3), Liqa mərhələsindən gözləntiləri və özünün hazırkı fəaliyyəti barədə danışıb:
- Vaxtilə özünüzün də formasını geyindiyiniz komandanın bu nailiyyəti barədə nə deyə bilərsiniz?
- Möhtəşəm qələbədir. Əsas Azərbaycan xalqını təbrik edirəm. Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"a bizə bu gözəl anlar yaşatdığı üçün minnətdaram, "çox sağ ol" deyirəm. Bütün futbol azarkeşləri, xalqımızı təbrik edirəm. Bu, möhtəşəm bir hissdir. Azərbaycan komandası nəhənglər arasında olacaq və nəhəng komandalar Azərbaycana təşrif buyuracaqlar. Bu, bizim üçün çox böyük uğurdur.
- Peşəkar nöqteyi nəzərdən oyunun gedişatını necə dəyərləndirərdiniz?
- İlk dəqiqələrdən uşaqlarda bir az həyəcan hiss olunurdu, rəqib bundan istifadə etdi və önə keçdi. Yaxşı haldır ki, komandamız vaxtında toparlandı, qollar vurdu, təhlükəli vəziyyətlər yaratdı. İlk hissə bizim üstünlüyümüzlə başa çatdı. İkinci hissəyə gəldikdə isə heç bir lüzum olmadan penalti qolu ilə bir az vəziyyət dəyişdi. Amma bu mərhələdəki oyunlar elə gərgin keçir ki, gedişat hər iki tərəfə çönə bilərdi. Komanda sağ olsun, əllərindən gələni etdilər və Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandıq.
- Düşünmürsünüz ki, cütün taleyi elə ilk oyunda həll olunmuşdu?
- Xeyr. Belə göründü ki, "Ferentsvaroş" sonadək mübarizə aparan rəqibdir. Səfər matçında Musa Qurbanlının qolu həlledici oldu. Çoxları elə düşünürdü ki, səfərdə 3:1 hesablı qələbə qazanmışıqsa, deməli, cütün taleyi həll olunub. Lakin baş məşqçi Qurban Qurbanov da dəfələrlə bildirmişdi ki, hələ heç nə həllini tapmayıb. İki eyni səviyyəli komandaların oyunlarında hər an geridönüş ola bilərdi. Sevindirici haldır ki, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni qazanan tərəf biz olduq.
- Ötən mövsüm Avropa Liqasının Liqa mərhələsində "Qarabağ" 36 komanda arasında sonuncu olmuşdu. Ən ali klub turniri olan Çempionlar Liqasında yaxşı nəticə etmək üçün komanda nə etməlidir?
- Keçən mövsüm bir oyunda qələbə qazandıq, amma bir neçə oyunda şansımız gətirmədi. Çox yaxşı oyunlar keçirmişdik, amma bir-iki səhv olurdu ki, həmin oyunlarda bağışlanmırdı. Bu il isə daha da çətin olacaq. Mən bildiyim qədəri ilə komanda bir qədər güclənir, yeni oyunçular gəlir, yeni transferlər olacaq. Ümid edirik ki, onlar ümumi ansambla tez qoşulacaqlar və uyğunlaşma erkən baş verəcək. Düşünürəm ki, gələn oyunçular komandanın gücünə güc qatacaqlar və "Qarabağ" çox layiqli mübarizə aparacaq.
- Hücum xətti barədə nə deyə bilərsiniz?
- Nəriman Axundzadə son oyunlarda da normal çıxış edirdi, amma bu gün həqiqətən üst səviyyədə oynadı. Ona uğurlar arzulayıram. Komandada yeni transferlər gözlənilir. Ümid edirəm ki, komanda yenə özünə layiqli oyunçular sifariş verəcək və komandanın gücünə güc qatacaqlar.
- İndiki fəaliyyətiniz nədən ibarətdir və işinizdə hansı yeniliklər var?
- Mənim işim həm ölkə xaricində olan azərbaycanlı futbolçuları izləyib milliyə cəlb etməkdir, həm də çalışırıq ki, bölgələrdəki oyunçular gözdən kənara qaçmasınlar. Çünki futbolçu qıtlığı yaşayırıq. Bu, heç kimə sirr deyil. Ümid edirəm ki, yeni istedadlar üzə çıxacaq və biz də onları tapıb bütün yaş qrupları üzrə komandalarımıza cəlb etməyə çalışacağıq. Biz də futbolumuza töhfə verməyə çalışırıq.
- Artıq ilk tapıntılarınız varmı?
- Belə deyim, qeyd etdiklərimiz var.
- Onlar xaricdə çıxış edənlərdir, yoxsa...
- Əsasən xaricdən bir neçə namizəd var. Onların çıxışlarını davamlı izləyirik. Hər an məlumatlar gəlir. Əsas olan odur ki, onlar istədiyimiz səviyyədə olsunlar. Onları izləyib, tam istədiyimiz formada olduqlarını gördükdən sonra milliyə cəlb etmək planımızdır.