
"Burada olmaq çox xoşdur. İrəlidə məni həyəcanlı tapşırıq gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu İslandiya millisinin futbolçusu Brinyolfur Villumsson Azərbaycan və Fransaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunları barədə danışarkən deyib.
Niderland "Qroningen"inin 25 yaşlı hücumçusu ilkin siyahıda olmayıb, Aron Eynar Qunnarssonun zədəli olması səbəbindən sonradan dəvət alıb. O, indiyədək yığmada cəmi 2 yoldaşlıq oyununda meydana çıxıb və 1 qol vurub.
"Qroningen"in heyətində isə Villumsson Eredvizidəki ilk 4 matçda 5 dəfə fərqlənib. Forvard millinin ilk siyahısına düşməməsindən məyus olmadığını bildirib: "Əlbəttə, həmişə siyahıda olmaq istərdim. Lakin hazırda burdayamsa, tez və ya gec çağırılmağımın fərqi yoxdur. Bura hamı özünü göstərməyə gəlir".
O, yığmada ilk rəsmi matçına çıxma ehtimalına optimist yanaşdığını əlavə edib: "Ehtimal böyükdür. Meydanda istənilən işi görməyə hazıram".
Villumsson Azərbaycan millisi barədə bir qədər məlumat toladıqlarını da diqqətə çatdırıb: "Bu həftə biz onları daha ətraflı öyrənəcək və strategiyamızı müzakirə edəcəyik. Bu, meydana qələbə üçün çıxacağımız oyun olacaq. Rəqibi təhlil etməli və maksimum hazırlıqlı olmalıyıq".
Qeyd edək ki, İslandiya Azərbaycan millisi ilə sentyabrın 5-də evdə Reykyavikdəki Lauqardalsvollur stadionunda üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 9-da isə İslandiya Fransanın qonağı olacaq.