
“Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş səfərdə İslandiyaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib: "İslandiya yığması çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. Onlar haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir".
Bununla belə, 71 yaşlı baş məşqçi qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: "Sabahkı görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər".
Qeyd edək ki, sentyabrın 5-də Reykyavik şəhərindəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.