
"Dünya çempionatının seçmə qrup mərhələsində yaxşı çıxış etmək mümkündür".
Bunu Sportnet.az-a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov bu gün DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda mübarizəyə başlayacaq Azərbaycan millisinin şansları barədə danışarkən deyib.
O bildirib ki, səfərdə İslandiyaya qarşı keçirəcəyi ilk görüş yeni mərhələnin başlanğıcıdır: "Ötənilki Millətlər Liqasında uğursuz çıxışımız, millinin D Liqasına düşməsi bir fiasko olmuşdu. Ümumiyyətlə, futboldakı nəticələrimiz qənaətbəxş deyildi, o cümlədən də yığmanın. Hər halda indi yeni mərhələdir. Avrokuboklardakı 4 klubumuzdan 1-i II təsnifat, 2-si III təsnifat mərhələsində mübarizəni dayandırdı. Bircə “Qarabağ”dır ki, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı. Yəni limitin götürülməsinin bizə o qədər də xeyri olmadı. Yerli oyunçulara şanslar az oldu, əlbəttə ki, gətirilən legionerlərə üstünlük verildi".
Millinin keçmiş kapitanı rəqibi 2014-cü ildən inkişafda olan komanda kimi dəyərləndirib: "Məsələ bundadır ki, biz indi İslandiya ilə oynayırıq. İslandiya demək olar ki, 2014-cü ildən futbolda böyük bir irəliləyiş əldə ediblər. 2016-cı il Avropa çempionatında qrupdan çıxması, Portuqaliya və Macarıstanla heç-heçə etməsi, Avstriyanı və 1/8 finalda İngiltərəni məğlub etməsi diqqətçəkən idi. Yalnız 1/4 finalda Fransaya uduzdular. Daha sonra 2018-ci il dünya çempionatında çıxış etdilər. Futbolçularının çoxu demək olar ki, Avropanın top liqalarında çıxış edirlər – Fransada, İspaniyada, İtaliyada, İngiltərədə oynayanları var. Yəni istər-istəməz İslandiya yığması təcrübə baxımından bizimkilərdən irəlidir".
Əhmədovun fikrincə, Azərbaycan Premyer Liqasında limitin götürülməsi millinin çıxışına problem yarada bilər: "Biz son oyunlarda da klubların avrokubokların təsnifat mərhələsində və yaxud da “Qarabağ”ın Çempionlar Liqasının pley-off oyunlarında az yerli oyunçuları meydanda gördük və istər-istəməz bu, bizim üçün problem yarada bilər. Oyun təcrübəsinin aşağı olması, futbolçuların beynəlxalq futbol təcrübəsinin də ümumiyyətlə sıfırda olması hər halda bu oyunlarda bizə problem yarada bilər. Bizim bildiyimiz qədər dəvət olunan qapçılardan hansı ki, Rza Cəfərov ilə Aydın Bayramovdur ki, ikisini də ötən çempionatdan sonra görmürük, artıq oyun praktikaları aşağıdır. Mehdi Cənnətov dəvət olunmayıb, halbuki o, klubunda əsas qapçıdır. Şahrudin Məhəmmədəliyev yerli çempionatda ara-sıra oyunlara çıxıb. Bu baxımdan da hər halda futbolçuların oyun praktikasının aşağı olması bizə problem yaşada bilər. Millətlər Liqasındakı uğursuzluqdan sonra yeni uğursuzluq yaşaya, hansısa bəhanə gətirə bilmərik. Limitin götürülməsinin nə klublara, nə də milliyə xeyri oldu. Bu baxımdan, İslandiya və Ukrayna ilə oyunlar bizim üçün uğursuz da ola bilər. Heyətdə kimlərin oynayacağını bu gün biləcəyik. Yerli futbolçularımızın az oynaması milli komandanın baş məşqçisi Fernandu Santuşa da problem yaradır".
Bununla belə, 53 yaşlı mütəxəssisin fikrincə, İslandiya yığması keçilməz rəqib deyil: "Hər halda oynamaq olar. Bəli, Ukrayna futbolçuları da Avropada təmsil olunurlar, yığma bir neçə dəfə Avropa çempionatının final mərhələsinə də çıxıb. Yəni, istər-istəməz bizim üçün problemlər yarada bilərlər, amma İslandiyaya qarşı oynamaq olar. İslandiyada total futbol oynanılır, atletik, mübariz, əzmkar oyuna, güc futboluna daha çox önəm verilir – "ikinci mərtəbə", uzun, cinah ötürmələri, standart vəziyyətlərdir. Bu baxımdan, bizim futbolçuların oyun praktikasının aşağı olmasına görə problem yarana bilər. Ukrayna da demək olar ki, aşağı-yuxarı eyni futbolu oynayır, amma Ukrayna Futbol Assosiasiyasına Andrey Şevçenko gələndən sonra dəyişikliklər var, müasirləşmə gedir, bir balaca topa nəzarəti də xoşlayırlar, fərdi ustalığa da fikir verirlər. Burada yerli iqlim amili var. Amma İslandiya ilə oyunda nəyisə əldə etmək olar. Çünki onların elə də futbol məktəbi yoxdur. Onlarla əvvəllər yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə etmişik".
O, hər iki oyundan uğurlu nəticə ilə ayrılacağına ümidvar olduğunu bildirib: "İndiki vəziyyətdə ümid edək ki, milli komanda normal oyun sərgiləyəcək və bizi sevindirəcək. Amma problemlər o qədər çoxdur ki, bilmirsən hansından danışasan. Çempionatda və beynəlxalq oyunlarda milli üzvləri klublarda az oynayır, xətlərarası əlaqədə problemlər qısa müddətdə həll olunası deyil. Hər halda ümid edək ki, millimiz bu oyunlarda uğurlu nəticə əldə edəcək. İslandiya ilə mübarizə aparmaq lazımdır, Ukrayna ilə ev oyununda xal qazanmaq olar. Ağır, çətin oyun olacaq, bizim futbolçularımızın çoxunun fərdi ustalığı da çox aşağı olduğuna görə biz o problemi Millətlər Liqasında yaşadıq və o baxımdan da düşünürəm ki, burada möcüzəyə ümid etməliyik ki, yaxşı çıxış etsinlər".