
"Açığı, “Qarabağ” illərdir göstərir ki, hücumçusuz da qollar vurur".
Bunu Sportnet.az-a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib.
Təcrübəli mütəxəssis Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün yeni hücumçu transfer etməməsini obyektiv səbəblərlə əlaqələndirib: “Qarabağ”ın hücum xətti Nəriman Axundzadə ilə Musa Qurbanlının öhdəsinə qaldı. Klub rəhbərliyi də, baş məşqçi Qurban Qurbanov da çalışırdı ki, hücumçular transfer olunsun. Lakin maliyyə məsələlərində ortaq məxrəcə gəlinmədi. Hər halda Azərbaycana gəlmək istəməyənlər də var. “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb deyə, bəzi oyunçular qiymətlərini də qaldırırlar, şişirdilmiş qiymətlər deyirlər, istər-istəməz bu da problem yaradır. Hər kimə gəldi istədikləri məbləği vermək də düzgün deyil. Bu baxımdan mən “Qarabağ” rəhbərliyini də alqışlayıram. Hər futbolçunu da bura dəvət etmək olmaz. Bəlkə heç o uğur əldə olunmadı"?!
"Məsələn, ötən mövsüm Juninyo “Qarabağ”dan gedənə yaxın son oyunlarda gördük ki, “Qarabağ”a heç bir köməyi dəymədi, demək olar ki, aşağı səviyyədə çıxış edirdi. Yeni gələn futbolçu bu qısa müddətdə adaptasiyanı keçəcəkmi, uyğunlaşacaqmı, sərgilədiyi futbol uğurlu olacaqmı, lazımi səyi göstərəcəkmi, transferi effektli alınacaqmı – bunların hamısı qısa müddətdə həll olunası məsələ deyil", - deyə o əlavə edib.
Əhmədovun sözlərinə görə, hazırda orta xətt futbolçuları və ya standart vəziyyətlərdən müdafiəçiləri də fərqlənə bilirlər: "Ümumiyyətlə, müasir futbolda tək hücumçulardan qol vurmaq tələb olunmur, komandanın qələbəsində hamının pay sahibi olmalıdır. Bu gün müdafiəçilər də qol vurur, yarımmüdafiəçilər də ən çox qol vuranlar siyahısındadır. Bəli, biz də istərdik ki, qol problemi yaşamamaq üçün əzmkar və bacarıqlı hücumçu olsun".
Sabiq müdafiəçi Nəriman Axundzadənin üzərinə getməyin tərəfdarı olmadığını söyləyib: "Biz Nərimanın da üstünə çox gedirik, çox tənqid edirik. Bilmək lazımdır ki, Nəriman cavandır, 21 yaşı var. Son oyunlarda göstərdiyi performans - Marko Yankoviç, Kadi Borges, Leandro Andrade və ya Abdullah Zubir üçün zonalar açması, rəqib müdafiəçilərə rahatlıq verməməsi özünün də getdikcə peşəkarlaşmasını, böyük futbola qədəm qoymasını göstərir. Hər halda zaman lazımdır. Düşünürəm ki, Nəriman yüksək səviyyəli futbolçuların 24-25 yaşdan sonra parlaq dövrü başladığı kimi, Axundzadə də özünü göstərməyə başlayır. Düşünürəm ki, o da bir ildən sonra böyük futbolun pik nöqtəsini yaşaya bilər".
Onun fikrincə, “Qarabağ”ın danışıqlar apardığı futbolçuların bəziləri çempionatın gedişatını da izləyirlər. Bu mənada, Premyer Liqanın səviyyəsi də onların gəlişinin alınmamasında təsirsiz ötüşmür: "Legionerlər baxırlar ki, bəzi stadionlar süni örtüklüdür, bir neçə komanda eyni stadionda çıxış edir, bəzilərində hələ təmir işləri gedir, bəzilərinin necə olacağı hələ bəlli deyil. Yəni bunlar da bura gəlmək istəyən futbolçulara istər-istəməz problem yaradır. Nəticədə ad-sanlı futbolçuların heç biri gəlmir. Demək olar ki, klublara tam dəstək yoxdur, oyunlara az azarkeşin gəlməsi amili də var".
Ekspert maliyyə məsələsinin də roluna diqqət çəkib: "Bəziləri eşidirlər ki, “Qarabağ” artıq Çempionlar Liqasındadır, daha şişirdilmiş qiymətlər oxuyurlar. Amma tək bugünü düşünmək olmaz, gələcəyi də düşünmək lazımdır ki, sonrakı illərdə daha uğurlu olması üçün “Qarabağ”a dəstək üçün biz bütün klubların infrastrukturunu düzəlməlidir. Bütün klublar səviyyəli futbolçu almalıdır, oynamaq səviyyəsi, peşəkarlıq artırılmalıdır ki, tək “Qarabağ” yox, digər klublarımız da pley-off mərhələsində, qrup mərhələsində və yaxud Konfrans Liqasında çıxış etsin. Azərbaycana gətiriləcək oyunçuları da rahat gətirmək olsun".
Bu mənada, Əhmədovun sözlərinə görə, indiki halda məyus olmağa dəyməz: "Çünki Qurban Qurbanov öz işini bilir, təcrübəsi də var, illərdir artıq qrup mərhələlərində çıxış edir. Bilir ki, indiki məqamlarda hansı problemlər var. Hər şey analiz olunur. Düşünürəm ki, Çempionlar Liqasının Liqa mərhələsinə Nəriman və Musa ilə getsək, həm gələcəyə addım atmaları və təcrübə toplamaları baxımından onlar üçün şans olar, həm də peşəkar futbolçu kimi püxtələşərlər. Bu, böyük məktəb, təcrübə və inkişaf olar. Ümid edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində uğurlu nəticə əldə edəcək. İndi hər halda Qurban Qurbanov da istəməz ki, keçənilki kimi sonuncu yeri tutsun. Hər halda qarşı tərəfdəki komandalar da, kimlərlə harada oynanılacağına da baxmaq lazımdır. Bunların hamısı böyük şərtdir. Ümid edək ki, yaxşı nəticənin əldə olunması istiqamətində işlər görüləcək və biz də nəticələrə sevinəcəyik".