
Mərkəzi Asiya Millətlər Kubokunda final matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə Özbəkistan və İran yığmaları üz-üzə gəlib.
Daşkənddəki "Olimpiya" stadionunda təşkil olunmuş qarşılaşmadan meydan sahibləri qələbə ilə ayrılıblar - 1:0.
5-ci dəqiqədə İran millisinin müdafiəçisi Ariya Yusefi birbaşa qırmızı vərəqə alıb. Özbəkistan yığması say üstünlüyündən 120-ci dəqiqədə yararlanmağı bacarıb. Xojiakbar Alijonov komandasına titul gətirən qolu vurub.
Bunadək 105-ci dəqiqədə Eldor Şomurodov penaltidən fərqlənə bilməyib.
Qeyd edək ki, daha əvvəl Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.