
"Dünən jurnalistlərə də demişdim ki, biz heç bir komandaya zəif baxmırıq. Problem bizim komandada idi, Azərbaycanda yox".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
"Mən demərəm ki, Ukrayna millisi Azərbaycandan pis oynayıb. Azərbaycan yığmasının bir neçə futbolçusu Çempionlar Liqasında çıxış edir, amma Ukrayna klubları orada oynamır", - 51 yaşlı mütəxəssis əlavə edib.
O, meydanın durumundan narazılığını bildirib: "Meydança hazır deyildi və bu da mənim komandamın oyununa təsir etdi. Yenə də təkrar edirəm, meydanın vəziyyəti heç yaxşı deyildi. Komandamda zədə alan futbolçular var".
Nəticəyə görə hər kəsdən üzr istəyən Rebrov komandasına göstərilən azarkeş dəstəyindən razılıq ifadə edib: "Biz burada bayraqları gördük, bu çox sevindirici haldır. Ukraynaya yaxşı dəstək oldu. Ukrayna hazırda müharibə şəraitindədir, heç kim neqativ nə isə deməməlidir".