
Azərbaycan millisinin futbolçusu Toral Bayramovun Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra Sportnet.az-a müsahibəsi
- Oyunla bağlı fikirləriniz necədir?
- Məncə, oyunla bağlı yeni danışmalı bir şey yoxdur. Mübarizə apardıq, vuruşduq, meydanın hər bir yerində, hər bir məqamda, hər epizodda – şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə etdik.
- Rəqib motivasiyasız meydana çıxmışdı, sizin üstünlüyünüz vardı ki, qalib gələ bilərsiniz. Bəs özünüzdə o inam yox idimi qalib gəlmək üçün?
- Mən sizə inandıra bilərəm, futbol elə bir şeydir ki, bəlkə siz kənardan başqa cür görə bilərsiniz. Amma mən inanmıram ki, hansısa rəqib meydana motivasiyasız, heç-heçə üçün və ya məğlub olmaq üçün çıxsın. Qələbə qazanmaq üçün meydana çıxırıq və vuruşuruq.
- Oyunun sonlarına yaxın sizin üstünlüyünüz hiss olunurdu. İkinci qol üçün nə çatmadı?
- Oyunun sonunda üstünlüyümüz deyil, daha çox mübarizliyimiz önə çıxırdı. Hamı başını ayaq altına qoyurdu. Mən elə görürdüm, bilmirəm siz kənardan necə görürdünüz, amma bu, istər-istəməz ruh yüksəkliyi, motivasiya yaradır.
- Penalti təyin olunandan sonra Oleksandr Zinçenko ilə aranızda nə danışıq oldu?
- O, sadəcə etiraz edirdi ki, mənim əlimə dəyməyib, mən də bildirdim ki, artıq qərar verilib və dəyişməyəcək.
- Uzun müddət sonra yerli məşqçi Ayxan Abbasovla işləmək necə hiss idi?
- Əlbəttə, yaxşı idi, amma bir gündə bir şey demək olmaz. İndi Ayxan müəllim iki gün bizlə oldu, təşəkkürümü bildirirəm. Yeni komandamızı toparlaya bildi, düzgün motivasiya verdi, biz də uşaqlarla yığışıb vuruşduq və istədiyimiz nəticəni əldə etdik.
- Ayxan Abbasovun millidə davamlı baş məşqçi qalmasını istəyərdiniz?
- Bu, bizim qərarımız deyil, rəhbərlik nə qərar verəcəksə, biz də yerinə yetirəcəyik. Düşünürəm ki, biz belə mübarizliyi göstərmək üçün bir qədər gecikmişdik, amma sevinirik ki, toparlandıq. Bundan sonra daha da yaxşı olmağa çalışacağıq.