
"Komandamızın bu ilin dörd beynəlxalq matçında sərgilədiyi oyuna yenidən dönəcəyini hiss edirəm".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya "Benfika"sının baş məşqçisi Brunu Laji evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur oyunundan öncə mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssisin sözlərinə görə, klubun futbolçuları 1/8 finaladək irəlilədikləri ötən mövsümkü nailiyyəti təkrarlamağı çox istəyirlər. O, sabahkı görüşdə əsas hədəflərini də açıqlayıb: "Başlıca məqsədimiz qalib gəlmək, 3 xal toplamaq, yaxşı oyun sərgiləmək və azarkeşlərimizə yenidən əla avrokubok gecəsi bəxş etməkdir".
Laginin fikrincə, xüsusən hücum xəttində daha da güclənmək üçün böyük potensialları var. O, uzun yol keçməli olduqlarını diqqətə çatdırıb. Baş məşqçi oyunçularından daha aqressiv çıxış tələb etdiyini söyləyib: "Portuqaliya çempionatında "Santa Klara" ilə 1:1 hesablı heç-heçə etdiyimiz oyundan razı qalmadım. Amma biz yeni tsiklə başlayırıq. Əvvəlki oyunumuzdan razı qalmadıqsa, komandanın böyüməsinə kömək etməyin yolunu düşünmək lazımdır".
Baş məşqçi hər bir oyuna ən yaxşı formada hazırlaşdıqlarını və ən yaxşı heyəti buraxdıqlarını vurğulayıb: "Hələ bundan ötrü bir günümüz də var. Daim qələbəyə can atırıq. Aydın hədəfimiz var: Vaxt və məkandan asılı olmayaraq, qalib gəlmək, çoxlu qol vurmaq və yaxşı oyun sərgiləmək.
Qeyd edək ki, sentyabrın 16-da Lissabon şəhərindəki "Da Luj" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.