
"Baş məşqçimizin dediyi kimi, hazırlaşmağa çox da vaxtımız olmadı. Amma istənilən halda, biz bu oyuna və bu yarışa hazırıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Portuqaliyada "Benfika"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, əsas mərhələdə iştirak hamının arzusu olub: "Daha əvvəl bir neçə dəfə qapıdan, pley-off mərhələsindən qayıtmışdıq. Nəhayət, bu mövsüm istəyimizə çatdıq. Çox sevincliyik. Amma məsuliyyətli olmalıyıq. Ümid edirik ki, sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik. Çünki bu, hamımızın arzusudur".
Braziliyalı legioner "Qarabağ"ın heyətindəki portuqaliyalı futbolçuların "Benfika" ilə matçda Ağdam komandasına mümkün köməyindən də danışıb: "Düzdür, Portuqaliyada oynamışıq, lakin onların bir çoxu elitada yox, aşağı liqada çıxış edib. "Qarabağ"da isə biz hər il avrokuboklarda çıxış edir və güclü komandalara qarşı oynayırıq. Ona görə də güclü matçların nə olduğunu bilirik".
Kadi komandasının oyun fəlsəfəsinin "Benfika" ilə matçda dəyişəcəyinə inanmadığını söyləyib: "Qurban Qurbanov 17 ildir komandanın sükanı arxasındadır. Bu müddət ərzində bir-iki dəfə ola bilsin, oyun fəlsəfəsini dəyişib. Bu dəfə də dəyişikliyin olacağına inanmıram. Çünki həmişə öz oyun fəlsəfəmizə sadiq qalmışıq. Bu dəfə də elə olacaq. Bu, biz futbolçular üçün çox önəmlidir".
O, Çempionlar Liqasında ilk dəfə oynamasını yox, növbəti matça çıxmasını vacib amil adlandırıb: "Təbii ki, yarışın böyüklüyünü nəzərə alaraq, vacib qarşılaşmada iştirak edəcəyimizi düşünmək olar. Şübhəsiz ki, "Benfika" da çox böyük klubdur, heyətində dünya səviyyəli, böyük nailiyyətlər qazanmış oyunçular var. Buna baxmayaraq, onların oyunlarını izləyib analiz etmişik".