"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə əzmkar və möhtəşəm qələbə ilə başlayıb.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Lissabon şəhərindəki "Da Luj" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin erkən qolu ilə başlayıb. 6-cı dəqiqədə Entso Barreneçea künc zərbəsindən sonra topu "Qarabağ"ın qapısından keçirib. Bundan 10 dəqiqə sonra Vangelis Pavlidis müdafiədəki anlaşmazlıqdan sonra növbəti qolu vurub.
Qapısından 2 top buraxmasına baxmayaraq, Azərbaycan təmsilçisi geridönüş etməyi bacar, 16 - Leandro Andrade 30-cu dəqiqədə cərimə zərbəsindən sonra qüvvətli zərbə ilə fərqi azaldıb. İkinci hissə də qolla başlayıb. Kamilo Duran 48-ci dəqiqədə Marko Yankoviçin ötürməsindən sonra bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə zədələnmiş Yankoviçi əvəzləyən Aleksey Kaşuk qoyub.
Beləliklə, "Qarabağ" tarixində ikinci dəfə qatıldığı Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb. İlk dəfə 2017-ci ildə Azərbaycan təmsilçisi qrup mərhələsində 2 heç-heçə edə bilmişdi.
"Benfika" isə Liqa mərhələsinədək Fransa "Nitsa"sı (2:0, 2:0) və Türkiyə "Fənərbağça"sı (0:0, 1:0) ilə oyunlarda qapısından top buraxmadığı halda, "Qarabağ"la görüşdə birdən-birə 3 dəfə məyus olub.
-----------------------------
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Portuqaliyada "Benfika"nın qonağı olacaq.
Lissabon şəhərindəki "Da Luj" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Cari mövsümdə "Benfika" tarixində 45-ci dəfə Avropa Çempionlar Kuboku / Çempionlar Liqasında iştirak edir. Bu, 56-cı mövsümünü keçirəcək İspaniya "Real Madrid"indən sonra ikinci ən yüksək göstəricidir.
Portuqaliya təmsilçisi avrokuboklardakı son 9 matçından 5-də qələbə qazanıb. Bu mövsüm isə paytaxt komandası 4 oyununun heç birində uduzmayıb və qapısından top buraxmayıb.
"Benfika" son 3 Çempionlar Liqasının əsas mərhələsindəki ilk tur qarşılaşmalarını qələbə ilə bitirib.
2017/2018 mövsümündən sonra ikinci dəfə bu mərhələdə iştirak edəcək "Qarabağ" həm də Azərbaycanın belə bir hədəfə çatan yeganə təmsilçisidir. Ümumilikdə isə Ağdam təmsilçisi ardıcıl 12-ci mövsüm avrokuboklarda əsas mərhələ iştirakçısı olacaq.
Əvvəllər "Qarabağ" Portuqaliyanın iki komandası ilə Avropa Liqasında üz-üzə gəlib. 2018/2019 mövsümündə qrup mərhələsində "Sportinq"ə həm səfərdə, həm də evdə uduzan (0:2, 1:6) Azərbaycan təmsilçisi 2023/2024 mövsümündə "Braqa"nı pley-off mərhələsində iki oyunun yekununda 6:5 hesabı ilə (4:2, 1:3, əlavə vaxt - 1:0) üstələyərək, 1/8 finala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: Entso Barreneçea, 6. Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30. Kamilo Duran, 48. Aleksey Kaşuk, 86
Hakimlər: Erik Lambrexts, Jo De Vayrdt, Kevin Monteni, Natan Verbumen

















































































