
"Qarabağ"a qarşı Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçı ərəfəsində Portuqaliya "Benfika"sının rəhbərliyi oyuna yox, sentyabrın 26-da keçiriləcək klub prezidenti seçkilərinə köklənib.
Sportnet.az xəbər verir ki, prezidentliyə namizədlərdən biri Kristovao Karvalyu baş məşqçi Brunu Lajini istefaya göndərmək fikrindədir.
O, belə bir addımı seçiləcəyi təqdirdə atacaq. Əvəzində Karvalyu İngiltərə "Liverpul"unun sabiq baş məşqçisi Yurgen Kloppu inandırmağa çalışır.
Digər namizəd Joao Noronya Lopeş "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimi Lissabon komandasına qaytarmaq istəyir. Amorim "Benfika"da 9 il oyunçu kimi çıxış edib.
49 yaşlı Portuqaliyalı Laji "Benfika"da 2024-cü ilin sentyabrından çalışır. Onun müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir. 2024/2025 mövsümündə komanda Portuqaliya çempionatında ikinci yeri tutub.
58 yaşlı Klopp hazırda "Leyptsiq"də beynəlxalq əlaqələr üzrə direktor postunu tutur. 40 yaşlı Amorimin isə "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.
Qeyd edək ki, bu gün Lissabondakı "Da Luj" stadionunda keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.