
"Qarşıladığınıza görə çox təşəkkür edirəm. Bu böyük zəfəri xalqımıza gətirdiyimiz üçün fəxr və qürur hissi keçiririk. Bu böyük qələbəni, tarixi zəfəri ilk növbədə, Qarabağ fatehi, cənab Ali Baş Komandanımız İlham Əliyevə həsr edirik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Portuqaliyaya "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan gəncliyinə bir mesajım var: Özünüzə inanın. Azərbaycanlı olmaq dünyanın ən gözəl hədiyyəsidir ki, bu, həyatımıza bəxş olunub", - o əlavə edib.
T.Gözəl qələbənin önəmindən də bəhs edib: "Əlbəttə, "Qarabağ"ın sistemi, illərlə yığışan təcrübəsi var. Amma bu, bizim mədəniyyətimizin, daxilimizdəki mənəvi dəyərlərimizin, klub içərisindəki birlik və bərabərliyimizin nəticəsidir. Baxın, qarşımızda son 9 oyunda uduzmayan, büdcəsi bizdən xeyli üstün - bəlkə də 15 dəfə, 400 milyon avroya çatan möhtəşəm klub, rəhbəri, prezidenti alicənab, özü də futbolçu olan Ruy Koşta. Artıq "Qarabağ" Azərbaycan futbolunun möhkəmliyini, parlaqlığını və gücünü bütün Avropaya, dünyaya göstərdi. Əlbəttə, böyük fəxrdir, daxilimizdə çox böyük qürur hissi var".