
"Hələlik növbəti mərhələ haqqında düşünmək tezdir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyaya "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis qarşıdakı oyunlara da qələbə üçün çıxacaqlarını bildirib: "Ötən mövsüm Avropa Liqasında cəmi bir qələbəmiz olmuşdu. Amma bir çox oyunda xallarımız daha yuxarı olmalı idi. Futbolda bəzən gözləmədiyin, düşünmədiyin matçlar da olur. Futbolçularıma həmişə bildirirəm ki, istənilən oyunda geridönüş etmək, nəticə əldə etmək olar. Sadəcə, məsuliyyətli, diqqətli və inamlı olmaq lazımdır. İnanıram ki, bu qələbə qarşıdakı oyunlarda əlavə inam və güvən verəcək. Çalışacağıq ki, qarşıdakı oyunlara maksimum xal üçün meydana çıxaq".
Qurbanovun fikrincə, meydanı yarımçıq tərk edən Marko Yankoviçin durumu ciddi deyil: "Sadəcə, ayağına zərbə olmuşdu və yorulmuşdu. Ola bilsin, buna görə ağrıları var idi. İnanıram ki, ciddi bir şey olmaz".
O, mərkəz hücumçusu kimi meydana çıxan və ikinci qolu vuran Kamilo Duran çıxışını müsbət qiymətləndirib: "Ümumiyyətlə, onu gətidiyimiz vaxt ən az oynadığı mövqe hücum idi. Daha çox sağ cinah hücumçusu kimi çıxış edir. Amma mərkəz hücumçusu qabiliyyəti də onda var. Bu, o demək deyil ki, biz onu daim hücumda oynadacağıq. Hər hansı oyunda onun öndə faydalı ola biləcəyini görsək, yenə də istifadə edəcəyik. Təkcə qol vurmağına görə yox, işgüzarlığına görə də məni qane etdi".
Baş məşqçi "Benfika" üzərində çox yaxşı qələbə əldə etdiklərini və belə qalibiyyətlərin ölkədə futbolun sevdirməyə çox böyük təkan verəcəyini açıqlayıb: "Futbolçularıma belə bir mübariz oyuna görə təşəkkür edirəm. İlk dəqiqələrdən bir qədər stres olsa da, futbolçularımız get-gedə oyunu ələ ala bildilər. Düzdür, oyunun əvvəllərində bir az stres oldu. Klub və ölkə futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsində ilk qalibiyyət əldə etdik. Futbolçularımıza əlavə inam gəldi, klub olaraq, bəlkə də bir az böyüdük. Belə bir oyunla, 0:2 hesablı məğlubiyyətdən sonra belə bir dönüş etdik. Bu, gələcək işimizə çox böyük kömək olacaq".
Qurbanov oyunda dönüş etmələrini belə şərh edib: "Futbol terminləri, fikirlər demək olar ki, eynidir. Eyni motivasiya ilə davam etməli idik. Mən fasilədə bunu futbolçularıma çatdırdım. Hazırlaşdığımızdan, istəyimizdən geri dönməməyimizin vacibliyini bildirdim. Bəzən rəqib bunları meydanda etməyə mane olur. Amma matçın gedişində futbolçularımızda inam daha da çoxaldı. Bu, çox vacib idi. Belə qarşılaşmalarda sadə itkilər çox az olmalı idi. Amma təəssüf ki, yenə də oldu. Futbol dili birdir, dəfələrlə etdiyimizi, dediyimizi təkrarlayırdıq".
Onun fikrincə, "Qarabağ"ın artıq digər komandalara asan rəqib olmayacağı fikri doğrudur: "Zatən bizə qarşı rəqiblərin necə hazırlaşdığını, bizi necə ciddiyə aldıqlarını meydanda görürdük. Bu oyundan sonra daha böyük klublar "Qarabağ"ı xeyli ciddiyə alacaq və bizə çox böyük problemlər yaratmağa çalışacaqlar".
Haşım MƏMMƏDOV