"İmişli" klubu AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasında IV turun “Sumqayıt”a qarşı ev oyunu ilə bağlı tətbiq etdiyi texniki məğlubiyyət qərarından apellyasiya verəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun yaydığı müraciətdə bildirilir.
Klub barəsində çıxarılmış qərarları ağır hesab edib: "Müvafiq hüquqi çərçivədə mövcud hüququmuzdan istifadə edərək, AFFA İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı Apellyasiya Arbitraj Tribunalına rəsmi apellyasiya şikayəti təqdim edəcəyimizi ictimaiyyətin diqqətinə çatdırırıq. Prosesin gedişi ilə bağlı ictimaiyyəti və dəyərli azarkeşlərimizi mütəmadi məlumatlandıracağıq".
Qeyd edək ki, "İmişli" Quba Olimpiya İdman Kompleksində keçirilmiş görüşdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlsə də, 67-ci dəqiqədə meydana adı protokolda olmayan İbrahim Əliyev daxil olub. Bu səbəbdən, “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 5 000 manat cərimələnib. Eyni zamanda, komandanın heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. 90+4-cü dəqiqədə daha bir futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klub 3 000 manat ziyana düşüb.
“Sumqayıt”a isə azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirmələri səbəbindən 5 000 manat cərimə kəsilib.