
İngiltərə Premyer Liqasınsa V turun mərkəzi görüşü "Mançester Yunayted" və "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Çelsi" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
5-ci dəqiqədə londonluların qapıçısı Robert Sançes qırmızı vərəqə alıb. 14-cü dəqiqədə Brunu Fernandeş hesabı açaraq, mankunianları önə çıxarıb. Bu, portuqaliyalı futbolçunun "qırmızı şeytanlar"ın heyətində 200-cü matçında 100-cü qolu olub.
37-ci dəqiqədə Kazemiro fərqi artırıb. Lakin o, 45+5-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 80-ci dəqiqədə isə Trevo Çaloba "zadəganlar"ın təsəlli qolunu vurub.
Bu nəticədən sonra "Mançester Yunayted" 7 xalla 9-cu, "Çelsi" 8 xalla 6-cı yerdə gedir.
"Qarabağ"ın digər rəqibi "Liverpul" isə eyni hesabla "Everton"a qalib gəlib. Liverpul derbisində hesabı 10-cu meydan sahiblərinin yarımmüdafiəçisi Rayan Qravenberx Məhəmməd Salahın ötürməsindən sonra açıb. 29-cu dəqiqədə Qravenberx yeni transfer Uqo Ekitikeyə fərqlənmək imkanı yaradıb. 58-ci dəqiqədə isə "Everton"un dayaq yarımmüdafiəçisi İdrissa Geye toplardan birinin əvəzini çıxıb.
"Liverpul" 5 oyundan 15 xalla 1-ci, "Everton" 7 xalla 7-ci yerdə gedir.
Qeyd edək ki, "Qarabağ" "Çelsi" ilə IV turda evdə, "Liverpul"la VIII turda səfərdə üz-üzə gələcək.