
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" komandasında problemlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu ardıcıl üçüncü oyunda iştirak ərizəsinə salınmayıb.
Bu, komandanın II Bundesliqada əldə etdiyi qələbələr fonunda baş verib.
Son olaraq, "Proyssen Münster"ə 4:1 hesabı ilə qalib gələn "Kayzerslautern" 6 oyundan 12 xalla 3-cü pilləyə yüksəlib. Qollardan 3-nü klubun daha bir hücumçusu İvan Prtajin vurub. Prtajin həm də məhsuldar ötürmə müəllifi olub.
Baş məşqçi Torsten Liberknext Emrelinin çıxışından narazılığını gizlətməyib: "Biz Mahiri öz istedadını ürəyində yüngül qəzəblə nümayiş etdirməyə çağırmaq istərdik".
Futbolçunun özü isə "Instagram"da əfsanəvi hücumçu Zlatan İbrahimoviçin videosunu dərc edib. Həmin videoda İbrahimoviç deyir: "Bəziləri sənin üçün pis, bəziləri yaxşı deyir. Onlar sənin üçün pis danışırlarsa, deməli, sənə afərin. İnan mənə".
Digər postunda isə Emreli bir neçə foto dərc edib və onlardan biri "Kayzerslautern" formasında olub. O, bu sözləri yazıb: "Bu, sadəcə adi şeydir".
Klub rəhbərliyinin azərbaycanlı forvarda necə reaksiya verəcəyi maraq doğurur. Vəziyyət qışadək dəyişməsə, tezliklə onunla yollar ayrıla bilər.
Qeyd edək ki, Mahir Emreli iyunun 24-də "Kayzerslautern"lə 3 illik müqavilə bağlayıb.