"Mərhələ keçməməyimizin səbəbi təcrübəsizlik oldu, amma əminəm ki, zamanla bunu aradan qaldıracağıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin qapıçısı Aqil Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.
Qolkiper Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost”la cavab oyunu barədə fikirlərini bildirib: "Hər iki oyunda rəqibdən yaxşı oynadıq, qol epizodlarımız çox oldu, amma bunlardan istifadə edə bilmədik. 90+1-ci dəqiqədə qol buraxdıq, deməli, qismət deyilmiş. Buna baxmayaraq, fikrimcə, "Neftçi”nin azarkeşləri fəxr etməlidir ki, komandada belə gənc futbolçular var. Çox şadam ki, belə bir komandanın üzvüyəm. Gələcəyin komandası qurulur. Əminəm ki, zamanla "Neftçi” yenə Azərbaycanın bir nömrəli komandası olacaq”.
Qeyd edək ki, Monteneqrodakı matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bakıdakı ilk görüşdə 2:2 hesablı heç-heçəyə nail olan "Mladost" səfər qolu sayəsində mərhələ adlayıb.