
"Oyun çətin keçdi, buna baxmayaraq qalib gəldik".
Bunu Sportnet.az-a "İmişli"nin futbolçusu Edvin Banquera səfərdə "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçını dəyərləndirərkən bildirib.
15-ci dəqiqədə komandasının ikinci qolunu vuran kolumbiyalı sol cinah müdafiəçisi qələbəyə görə çox sevincli olduqlarını bildirib: "Əvvəlki iki oyunda da qələbə qazanmışdıq ("Sumqayıt"la nəticəsi ləğv olunaraq, texniki məğlubiyyət aldıqları qarşılaşmanı da nəzərdə tutur - red.). Amma bu, qarşıya çıxan komandaları yuxarıdan aşağı görmək anlamına gəlmir. Çempionat çox rəqabətlidir, demək olar ki, bütün komandaların səviyyəsi eynidir. Bu oyuna da ciddi yanaşırdıq, hər bir oyunçunun üzərinə böyük məsuliyyət düşürdü. Əlbəttə, qələbiyyətə görə çox sevincliyik".
29 yaşlı oyunçu hər zaman qələbəyə inandıqlarını diqqətə çatdırıb: "İnam həmişə var idi. Biz məşqlərdə çox əziyyət çəkir, hər oyuna hazırlıqlı çıxırıq. Futbol "11-ə 11"dir, hər şey baş verə bilər. Ona görə də oyunu udmamağı düşünməmək səhv olardı. Çünki bu, futboldur – biz buna görə işləyirik, əziyyət çəkirik. Əziyyətimizin qarşılığını da gördünüz kimi aldıq. Bu 3 qələbəyə görə çox sevinirik və eyni tempdə davam etməyi planlaşdırırıq".
"İmişli" növbəyi matçını sentyabrın 26-da Quba Olimpiya İdman Kompleksinin stadionunda lider "Zirə"yə qarşı keçirəcək. Çempionatın məğlubiyyətsiz yeganə komandası ilə görüş saat 15:30-da başlanacaq.
Banquera bu görüşdən gözləntilərini dilə gətirib: "Əlbəttə, “Zirə” çox çətin rəqibdir. Amma biz hər oyuna qələbə məqsədi ilə hazırlaşırıq. Hazırkı sevincimiz bizi arxayınlaşdırmamalıdır. Yenə eyni motivasiya ilə məşqlərə davam edəcəyik. Çünki məqsədimiz oyundan-oyuna irəliləməkdir. Hər bir matça ciddi yanaşırıq. “Zirə” ilə matçda da xal qazanmaq və ən əsası, qələbə əldə etmək istəyirik. Hazırlıqlar gedəcək. Yenə də layiqli qazanacağımıza ümidvarıq".