
2025/2026 mövsümü "Napoli" üçün çoxsaylı yeni futbolçular üzündən çətin keçəcək.
Sportnet.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Antonio Konte deyib.
İtaliyalı mütəxəssis sakit və ehtiyatlı olmağa çağırışı yalnız bir səbəblə əlaqələndirib: "Digər komandalardan fərqli olaraq, bütün turnirlərdə, o cümlədən, Çempionlar Liqası, İtaliya Kuboku və ölkə Super Kubokunda mübarizə aparmaq üçün oturuşmuş heyətimiz yoxdur. Oyunçular müxtəlif sistemlərdən gəliblər. Onlardan yüksək nəticələr gözləyirlər".
Kontenin sözlərinə görə, böyümək və yeni səviyyəyə çatmaq üçün meydanda çox çalışmalı olacaqlar. Lakin təcrübəli baş məşqçi hərdən buna vaxtlarının çatmadığını, təcrübənin isə ləng formalaşdığını dilə gətirib: "Digər klublar Avropada sistematik oynayırlar və buna öyrəşiblər, biz isə yox. Hər 3-4 gündən bir oyunlar fiziki və psixoloji gərginlik gətirir və bəzi oyunçularımız buna öyrəşməyiblər".
Xatırladaq ki, sentyabrın 22-də "Napoli" İtaliya A Seriyasının IV tur matçında evdə "Piza"nı məğlub edib - 3:2. Bununla da ardıcıl 4-cü qələbəsini qazanan Neapol təmsilçisi 12 xalla liderliyini davam etdirir. Lakin Çempionlar Liqasının ilk turunda Antonio Kontenin komandası səfərdə "Mançester Siti"yə uduzub - 0:2. "Napoli" Liqa mərhələsində noyabrın 25-nə təsadüf edəcək V tur matçında "Qarabağ"ı qəbul edəcək.