
İngiltərənin "Çelsi" klubunun futbolçusu Koul Palmer 6 həftəyədək sıradan çıxıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, "zadəganlar"ın ulduzu əzələ zədəsini təzələyib.
23 yaşlı yarımmüdafiəçi mövsümün ilk matçında start heyətdə meydana çıxsa da, növbəti iki görüşü zədə üzündən buraxıb. O, "Brentford"la Premyer Liqa qarşılaşmasında yaşıl meydana qayıdaraq, qol vurub. Daha sonra Palmer Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında da fərqlənib.
Son olaraq, "Mançester Yunayted"ə qarşı start heyətində meydana çıxan futbolçu 21-ci dəqiqədə əvəzlənib. Baş məşqçi Entso Mareska bunu Palmerin tam formada olmaması ilə əlaqələndirib.
İstedadlı oyunçu həmin matçdan sonra məşqlərdə çətinliklərlə üzləşib. Buna görə də Palmerin 3 həftədən 6 həftəyədək oynamayacağı bildirilir.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında IV tur matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək. Görüş noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.