
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Qəbələdə keçiriləcək MDB Oyunları üçün yekun heyəti açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev siyahını 23-ə endirib.
İlkin siyahıda yer alan Adnan Əhmədzadənin qardaşı oğlu, İspaniyanın "Marcet" Futbol Akademiyasının üzvü Nicat Əhmədzadə siyahıdan çıxarılıb. Özü də bu dəyişiklik əlavə informasiya verilmədən, bir növ redaktə tipli edilib. Yəni, AFFA-nın rəsmi saytında dərc olunmuş siyahıda Nicat Əhmədzadə Rəsul Balakişiyevlə əvəzlənib. Bir növ sanki heç əvvəldən çağırılmayıb kimi göstərmək istəyiblər. Nəticədə AFFA-nın saytından fərqli olaraq, məlumatı dərc edən bütün xəbər saytları və agentliklərində Nicat Əhmədzadənin adı olduğu kimi qalıb.
Adətən, yığmanın heyətində dəyişiklik baş verdikdə milli assosiasiya rəsmi qaydada ayrıca xəbər yayır. Lakin bu dəfə belə bir addım atılmayıb.
Bu halda sual yaranır: Dəyişikliyin gizlicə edilməsində məqsəd nədir? Doğrudanmı baş məşqçi Aqil Nəbiyev də millinin heyətini sifarişlə formalaşdırır? Niyə Adnan Əhmədzadəyə görə 15-16 yaşlı uşaq millidən kənarda qalmalıdır?
AFFA-nın Media və Marketinq Departamentinin rəhbəri Murad Axundov Sportnet.az-a açıqlamasında dəyişikliyi Nicat Əhmədzadənin zədəli olması ilə əlaqələndirib: "Biz bu futbolçuya dəvət göndərmişik. Elə baş məşqçi Aqil Nəbiyev də heyətdə görmək istəyirdi. Hətta razılıq da alınmışdı və adı saytımız vasitəsilə açıqlandığı vaxt ilkin siyahımızda da göstərilmişdi. Lakin son anda "Marcet"dən məktub gəldi ki, Nicatın zədəsi var və oynaya bilməyəcək. Ona görə də tez bir zamanda heyətdə dəyişiklik edildi. Elə açıqlandığı günün axşamı Nicat Əhmədzadə Rəsul Balakişiyevlə əvəzləndi. Yəni, MDB Oyunlarına Rəsul gedəcək".
Axundov dəyişiklik barədə əlavə məlumatın rəsmi sayt vasitəsilə verilməməsinin səbəbini isə belə izah edib: "Heyətdə təkcə bu yox, başqa dəyişikliklər də olduqda hamısının səbəbini bir-bir izah etməyəcəyik ki... Kiməsə informasiya lazımdırsa, bunu deyərik. Lakin ilkin siyahı ilə yekun siyahının fərqini saytda izah edə bilmərik".
U-16 A qrupunda Tacikistan (27 sentyabr) və Qırğızıstan (1 oktyabr) yığmaları ilə mübarizə aparacaq.