
Danimarkanın "Kopenhagen" komandasının qapıçısı Dominik Kotarski Danimarka Super Liqasında IX turun "Silkeborq"a qarşı ev oyununda kobud səhvə yol verib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı qolkiper 58-ci dəqiqədə komandası hesabda 3:1 öndə ikən ona ötürülmüş topu irəli vurmaq əvəzinə rəqib futbolçuları aldatmağa başlayıb.
Bu zaman xorvatiyalı oyunçu topu itirib və nəticədə "Silkeborq" fərqlənməyi bacarıb. Sonradan daha bir qol vuran rəqib heç-heçəyə nail olub - 3:3.
Qarşılaşmanın ardından Kotarski böyük səhvə yol verdiyini etiraf edib: "Heç nədən qaçmıram, yolverilməz səhv etdim. Artıq azarkeşlərdən üzr istəmişəm. Amma bu, yolverilməz idi".
Bu oyundan 4 gün sonra "Kopenhagen" Danimarka Kuboku matçında "Lünqbü"nü məğlub edib - 2:0. Qapısını toxunulmaz saxlayan Kotarski oyunlar arasındakı fərqin qısa olmasının üzləşdiyi olayı unutmasına və kubok matçına pozitiv köklənməsinə kömək etdiyini bildirib: "Bu, dünyanın sonu deyil. Bilirəm ki, komandamı pis vəziyyətdə qoydum. Amma mən komandamın uğurları naminə buradayam".
Sentyabrın 27-də səfərdə "Sönderyuske" ilə qarşılaşacaq "Kopenhagen" sentyabrın 29-da Bakıya səfər edəcək. Danimarka təmsilçisinin oktyabrın 1-də "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçı saat 20:45-də başlanacaq.