
"Neftçi"nin baş məşqçisi Samir Abasov Vensan Abubakarla danışıqlar apardıqlarına dair iddialara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis kamerunlu hücumçunun maraq dairəsində olduğunu təsdiqləyib.
"Abubakarın hansı səviyyədə olduğunu bilirsiniz. Bütün komandalar belə futbolçunun heyətlərində olmasını istərdi. "Danışıqlar getmir" deyə bir şeylər yoxdur. Nəinki Abubakarla, bir neçə digər hücumçularla da danışıqlar gedir. Ümidvarıq ki, sonluq yaxşı bitər. Söhbətlər var, gedir. Lakin gəlib müqavilə bağlamadan və şəkli rəsmi saytda çıxmadan nə isə demək tezdir", - deyə o vurğulayıb.
Abasov komandada bitirici "9 nömrə"nin olmamasından çox danışıldığını etiraf edib. Lakin baş məşqçinin fikrincə, bütün vingerlər və digər oyunçuların girdikləri qol vəziyyətləri mərkəz hücumçusunun yoxluğunu kölgədə qoyur: "Bu gün Freddi Varqas, Cordan Rezabala, Murad Xaçayev, Momo Sako, cinah müdafiəçilərinin imkanları oldu. Bunları görəndə "9 nömrə" barədə düşünməzdik. Amma əlbəttə, belə bir problem var. Lakin Bassala Sambuya, həm də Ağadadaş Salyanskiyə həddindən artıq inanırıq. Ümumi komanda şəklində qollar vursaq, bu söhbətlər də bitər. Seleksiya və skaut işlərimiz davam edir. Qol problemini aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, 33 yaşlı Vensan Abubakar hazırda klubsuzdur. Onun son komandası Türkiyə "Hatayspor"u olub.