
Qarabağın baş məşqçisi Qurban Qurbanov evdə Danimarka “Kopenhagen”inə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının liqa mərhələsinin II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
İlk növbədə futbolçularımı və komanda yoldaşlarımı təbrik edirəm. Bugün meydanda birlik göstərdilər, bir-birlərini dəstəklədilər. Allah’a şükürlər olsun ki, belə gözəl bir qələbə qismət oldu.
Qarşımıza ciddi bir komanda çıxmışdı. Futbolçularımız çəkinmədilər, meydanda mübarizə apardılar. Xüsusən ikinci hissədə bunu daha çox hiss etdik. Belə böyük turnirlərdə vacib anlar olur və sona qədər dözmək lazımdır. Biz də bunu bacardıq.
Bəzi dəyişikliklərdən sonra daha çox riskə getməli olduq. Təəssüf ki, bəzi top itkiləri də yaşandı. Amma ümumilikdə yaxşı oyun göstərdik, güclü mübarizə apardıq və nəticədə qalib gəldik.
Belə görüşlər bizə gələcəkdə böyük oyunlarda çox fayda verəcək. Həm oyun baxımından, həm də komanda ruhunun güclənməsi baxımından bu qələbəni çox dəyərli sayıram.
Oyundan əvvəl rəqibin nümayəndələri ilə bir az söhbət etdik. Çox pozitiv kollektivdirlər, yaxşı iş görürlər. Onlarla tanışlıq bizim üçün də maraqlı oldu.
Futbolçularımı bir daha təbrik edirəm. Azarkeşlərimiz üçün çox gözəl qələbə oldu. İnanıram ki, bu yolun davamı daha da uğurlu olacaq.
Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsız, buna inanardınız?
Qələbə bizdən uzaq olsa da, ən azından oyunumuzu qoruyub saxlayırıq. Əgər mübarizəmizi bir qədər də yaxşılaşdırsak, inanıram ki, bu il nəticələrimizi daha da yaxşıya doğru çevirə bilərik. Bu inam məndə həmişə olub və indi də var. Bu, çox gözəl və faydalı göstəricidir.
Mən hər zaman inamlı olmağı sevirəm və futbolçulara da meydanda özlərinə güvənməyi tövsiyə edirəm. Əgər inam yoxdursa, bu oyunu oynamaq mümkün deyil. Çünki futbol kollektiv oyundur. Komandadan kimsə çəkinsə və ya qorxsa, uğur əldə etmək çətinləşir.
Bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür, amma inamsız meydana çıxsaq, uduza bilərik. Elə oyunlarımız olub ki, məğlub olmuşuq, amma həm azarkeşlər, həm də biz öz mübarizəmizdən razı qalmışıq. Bu məqamı minimum saxlamaq, futbolumuzun inkişafı üçün daha çox işləmək lazımdır.
Əsas məqsədimiz Azərbaycanın futbolunu ümumi səviyyədə böyütmək və daha çox sərmayə cəlb olunmasına nail olmaqdır. İnamımızı qorusaq, keyfiyyət də zamanla artacaq.
- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?
- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.
- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı öz nəhənglərinə nümunə göstərir.
-Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.
- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?
- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, onlar ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Şükürlər olsun ki, çox nadir hallarda yorğun olduğunda nəsə edə bilməyib. Amma mənim hədəfim o olub ki, bu inamı, mübarizəni qoruyub-saxlayaq. Uğur gələcək. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlərdə də bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək.
- Evin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Azərbaycanlı futbolçunun oyunun ən yaxşı seçilməsi haqda nə düşünürsüz? Avrokuboklarda tənqidlər sayəsində futbolçunu bu uğura gətirib çıxardı?
Sevinirəm, əlbəttə ki, buna. İlk növbədə, komandamın oyunçusunun seçilməsi və digər tərəfdən də öz komandamdan bir azərbaycanlının seçilməsi məni çox sevindirir və buna böyük dəyər verir.
Elvinlə bağlı heç bir narahatlığım yoxdur. Bəzən performansı aşağı səviyyədə olur, sonra yenidən qalxır, düşür və yenidən qalxır. Bu, müəyyən qədər sabitlik problemi yaradır. Son oyunlarda isə performansı daha ciddi görünür və mən də onu daha məsuliyyətli olmağa təşviq edirəm.
Amma deyə bilərəm ki, Elvinə tam etibar etmək olmaz. Hamımız ehtiyatlı olmalıyıq, çünki istənilən anda oyunçu öz bacarığından aşağı çıxış edə bilər. Bu, yalnız bir neçə amillə bağlıdır — bəlkə də məsuliyyəti tam dərk etməsi və daha ciddi olması üçün zaman lazımdır. Meydanda da, meydandan kənarda da özünü daha böyük göstərmək və daha məsuliyyətli olmaq üçün inkişaf etməlidir.
Amma əminliklə deyə bilərəm ki, Elvinin potensialı indiki vəziyyətlə bitmir. Əgər o daha ciddi olarsa və futbol haqqında daha çox düşünərsə, potensialı daha da artacaq.
- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
-Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısına verərdim.
- Hansı səhvləriniz üzərində işləyəcəksiz?
- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib məcbur edir ki, səhv edəsən. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi, riskə getdi. Belə oyunlarda topa daha çox sahib olmağı istəyirəm. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Oyunu analiz edəndə, normal formada ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futbolçulara çatdıracağıq.
- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərər. Təklif olarsa, hansı reaksiyanı verərdiz?
- Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqda ümumiyyətlə düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabillik çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Özümdən razılıq olardı ki, deyim Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq, yaxşı olar.
- Bu komandanın potensialını daha yaxşı bilərsiz. "Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?
- Yanvardan sonra mütləq görəcəyik. Çünki oyunlarımız var(gülür). Keçən il səhv etmirəmsə, "Dinamo"(Zaqreb) 11 xal topladı, amma 24-lüyə düşmədi. Bəlkə 8 xal bəs etdi, bəlkə 9 xal. Bizdən asılı olmayan nüanslar var. Biz hər şeyə hazır olmalıyıq. Get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bu günə kimi "Benfika"dan sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşündülərsə, bu gün 100 faizdən çox olacaq. Bu da bizə mane olacaq. Bizi heç də rahat, düşündüyümüz oyunlar gözləmir. Biləcəyik ki, qarşımızdakı rəqib bizə 100 faiz hazırlaşacaq. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.
- 2017-ci ildə "Kopenhagen"lə görüşdə vurulan qol və bu gün birinci qol. Dejavü yaşadız?
- Mən dejavü yaşamadım. Ağlıma gəlmədi. Amma bir az oxşar qol idi. Təki belə oxşarlıqlar olsun.