
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin evdə Danimarka “Kopenhagen”inə 2:0 hesablı qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçından sonra Sportnet.az-a müsahibəsi
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Çox gərgin oyun keçdi. Buna baxmayaraq, düşünürəm ki, ağıllı oynadıq, üstünlüyümüzü qoruyaraq ikinci qolu vura bildik. Müdafiə planında komanda inamlı çıxış etdi və sona qədər dözdü. Qələbə qazandığımız üçün çox şadıq.
– İkinci hissədə bir qədər geri çəkildiniz. Bu, taktiki gediş idi?
– Xeyr, bu, taktiki gediş deyildi. Sadəcə, qol şanslarımızdan sonra gücümüz qalmamışdı. Rəqib geridə olduğu üçün bizi buna məcbur edirdi. Əvvəlki illərdə belə vəziyyətlərdə qol buraxırdıq, amma bu dəfə sona qədər dözdük. Bu da məni sevindirir.
– Dirəkdən qayıdan topu və ardından vurulan qolu oyunun qırılma anı saymaq olarmı?
– Bəli, demək olar. Rəqib əsasən künc və cərimə zərbələrindən qol epizodları yaradırdı. Bu, bizim üçün bir siqnaldır ki, belə hallarda daha diqqətli olaq və üzərində işləyək.
– İlk iki turdan sonra aktivinizdə 6 xalınız var. Gözlənilən idi?
– Niyə də olmasın?! Məqsədimiz hər oyunda xal qazanmaq və qol sayını artırmaqdır. Düzü,, bu qədər xalımızın olacağını biz də gözləmirdik, amma çox sevinirik. İndi isə daha çoxunu istəyirik və gələcək oyunlarda daha yaxşı komanda oyunu göstərəcəyik.
– İlk dəfə azərbaycanlı futbolçu Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildi. Elvin Cəfərquliyevi əbrik etdinizmi?
– Əlbəttə, hamımız komanda şəklində təbrik etdik. O, çox sevindi. Açığı, ona hədiyyə vermək çətin olur (gülür - red.). Amma əsas odur ki, hamımız birlikdə bu uğura sevinirik.
– Liqa mərhələsində qarşıdakı oyunlar barədə nə deyə bilərsiniz?
– Maksimum çalışacağıq ki, bu tempimizi davam etdirək və qələbələrimizi bir-birinin ardınca sıralayaq.