
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Fransa və Ukrayna yığmalarına qarşı 2026-cı il dünya çempionatının seçmə oyunlarına Premyer Liqanın lideri "Turan Tovuz"dan cəmi bir futbolçu çağırmasının səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis bunu Tovuz komandasının yerli futbolçularının az oynamaları ilə əlaqələndirib.
O, hətta futbolçulara məsləhət verməkdən də çəkinməyib: "Bunu millidə işləməyəndə də demişəm və yenə də öz fikrimdə qalıram: Limit olmalıdır. Lakin eyni zamanda futbolçular da fikirləşməlidirlər. Onlar da bəzən səhv qərarlar verirlər. Hansısa komandada oynamağın ona çətin olacağını bildikləri halda, orada qalırlar. Bu gün millidə ən az futbolçusu oynayan klub "Turan Tovuz"dur. Rəhim Sadıxov, Xəyal Nəcəfov, Ayxan Hüseynov və Veysəl Rzayev milliyə namizəd futbolçular ola bilərlər. Amma görürük ki, klubda az oynayırlar".
Abbasovun sözlərinə görə, digər komandalarda yerli futbolçular əsas heyətə düşmək uğrunda rəqabətdə qalib gəlirlər: "Qarabağ"da Çempionlar Liqasında oynamayan yerli futbolçular Premyer Liqada meydana çıxırlar və nəticədə balans yaranır. Bu gün "Neftçi"də, "Zirə"də yerlilər oynayır və onlar legionerləri rəqabətdə udurlar. Ona görə də bəzi futbolçular gələcək karyeralarında milli komanda üçün mübarizə aparmalıdırlar".
Qeyd edək ki, Ayxan Abbasov qarşıdakı oyunlara "Turan Tovuz"dan yalnız bir futbolçunu - ilk dəfə olaraq, Faiq Hacıyevi çağırıb.