Gürcüstanın paytaxtı Tiflisdəki Mixail Mesxi adına stadionun kassalarında UEFA Super Kuboku matçına bilet satışı başlanıb. Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Barselona" və "Sevilya" klublarının üz-üzə gələcəyi oyun üçün Gürcüstan tərəfinə 30 min bilet ayrılıb.
Onlardan 8 mini onlayn-satışla sahibini tapıb. Əcnəbilər bu satışdan 6 min bilet əldə ediblər. Qalan 22 min bilet Gürcüstan vətəndaşlarına satılacaq. Hər bir şəxsiyyət vəsiqəsi ilə 4 bilet almaq olar.
Biletləri almaq istəyənlər öncədən növbəyə yazılıblar. Bu gün isə Vake parkında minlərlə insan yığışaraq, növbə ilə bilet almağa başlayıblar. Onlar polis və silahlı xüsusi təyinatlıların nəzarəti altında kassalara növbə ilə yaxınlaşaraq, biletlərini alırlar.
Qeyd edək ki, avqustun 11-də Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.