
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının VII turunda baş vermiş mübahisəli epizodlarla bağlı açıqlama verib.
Sportnet.az xəbər verir ki, belçikalı mütəxəssis hər oyunda VAR-ın müdaxiləsini və hakimlərin qərarlarını təhlil edib:
“Araz-Naxçıvan” – “İmişli”
54-cü dəqiqə:
“İmişli” komandasının uzun aut atışı zamanı top cərimə meydançasına göndərilib. Hücumçu (№14) və müdafiəçi (№3) top uğrunda mübarizə aparıb, hakim penalti qərarı verib.
VAR görüntüləri araşdırdıqdan sonra “Araz-Naxçıvan”ın kapitanının topa toxunaraq onu uzaqlaşdırdığı müəyyən olunub. Hakim qərarını dəyişib və penalti ləğv edilib.
Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardır.
90-cı dəqiqə:
“İmişli”nin cinah ötürməsi zamanı “Araz-Naxçıvan” oyunçusunun (№5) qoluna top dəyib. Qolu bədənindən yuxarıda olub və təbii vəziyyətdə sayılmayıb.
VAR epizodu araşdırıb, baş hakimi monitora çağırıb. Baxışdan sonra penalti qərarı verilib.
Düzgün VAR müdaxiləsi və düzgün qərar.
“Zirə” – “Neftçi”
7-ci dəqiqə:
“Neftçi”nin hücumçusu (№23) cərimə meydançasında yıxılıb, lakin hakim oyunu davam etdirməyə icazə verib. “Zirə”nin oyunçusu (№8) əlavə hərəkət etməyib və təmas minimal olub.
VAR epizodu nəzərdən keçirərək hakimin qərarını dəstəkləyib.
Hakimin düzgün qərarı.
86-cı dəqiqə:
Topun qapı xəttini keçib-keçmədiyi epizodda “Neftçi”nin oyunçusu (№5) topu xəttdən əvvəl uzaqlaşdırıb.
Davam edən hücumda “Neftçi” qol vurub. Oyundankənar vəziyyət qeydə alınmayıb və qol təsdiqlənib.
Qol düzgün şəkildə qeydə alınıb.
90-cı dəqiqə:
“Zirə”nin cinah ötürməsi zamanı “Neftçi”nin müdafiəçisi (№15) rəqibin (№29) dabanına arxadan toxunub. Hakim əvvəlcə oyunu davam etdirib, lakin VAR müdaxiləsindən sonra penalti təyin olunub.
VAR hücumun əvvəlində mümkün qayda pozuntusunu da araşdırıb, lakin qayda pozuntusu qeydə alınmayıb.
Penalti düzgün təyin edilib.
“Qarabağ” – “Kəpəz”
2-ci dəqiqə:
Künc zərbəsi zamanı “Qarabağ”ın oyunçusu (№22) rəqibini (№29) itələyərək topa başla zərbə vurub. Nəticədə vurulan qol hakim tərəfindən ləğv edilib.
VAR görüntüləri hakimin qərarını dəstəkləyib.
Hakimin düzgün qərarı.
49-cu dəqiqə:
Meydanın mərkəzində “Qarabağ”ın müdafiəçisi (№18) rəqibin ayağına arxadan toxunub. Qayda pozuntusu qeydə alınıb, amma sarı vərəqə göstərilməyib.
Epizod sarı vərəqəlik olsa da, qırmızı vərəqə üçün meyarları daşımayıb.
VAR müdaxiləsi tələb olunmurdu.
“Sumqayıt” – “Turan Tovuz”
70-ci dəqiqə:
“Sumqayıt”ın hücumçusu (№11) rəqibin müdaxiləsi nəticəsində cərimə meydançasında yıxılıb. Hakim penalti təyin edib, VAR qərarı təsdiqləyib.
Hakimin düzgün qərarı.
“Karvan-Yevlax” – “Sabah”
27-ci dəqiqə:
“Sabah”ın hücumçusunun zərbəsi zamanı top “Karvan-Yevlax” oyunçusunun (№33) qoluna dəyib. Qolu bədəndən aralı vəziyyətdə olub.
VAR görüntüləri araşdıraraq hakimi monitora dəvət edib. Görüntülərə baxdıqdan sonra penalti təyin edilib.
Düzgün qərar.
“Qəbələ” – “Şamaxı”
5-ci dəqiqə:
Künc zərbəsi zamanı “Şamaxı”nın futbolçusunun (№4) zərbəsi “Qəbələ” müdafiəçisinin qoluna dəyib. Hakim əvvəlcə oyunu davam etdirməyə qərar verib.
VAR epizoda baxdıqdan sonra baş hakimi monitora çağırıb. Hakim təkrar baxışdan sonra penalti təyin edib.
Düzgün VAR müdaxiləsi və düzgün qərar.