
“Yuventus” Kenan Yıldızla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Sportnet.az xəbər verir ki, məlumatı “La Gazzetta dello Sport” yayıb.
Mənbənin iddiasına görə, Turin təmsilçisi Türkiyə millisinin 20 yaşlı hücumameyilli yarımmüdafiəçisinə hazırkı maaşının üçqatını təklif edib. Yıldız hazırda mövsüm ərzində 1,5 milyon avro qazanır. Bonusların da daxil olduğu yeni müqavilə onu komandanın ən çox qazanan futbolçularından birinə çevirə bilər.
Bununla belə, futbolçunun nümayəndələri bu şərtlərlə razılaşmır. Kenanın atası və meneceri Engin Yıldız hesab edir ki, oğlunun komandadakı rolu daha yüksək maliyyə dəyərləndirilməsinə layiqdir və klubdan daha sərfəli təklif gözləyir.
“Yuventus” isə istedadlı oyunçunu itirməmək üçün müqavilənin tezliklə yenilənməsini istəyir. Qeyd edək ki, Turin klubu ötən yay “Çelsi”nin Kenan Yıldız üçün etdiyi 70 milyon avroluq təklifi rədd etmişdi. London təmsilçisinin 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə ilə futbolçunu transfer etməyə yenidən cəhd göstərə biləcəyi istisna olunmur.