
"Növbəti oyuna daha yaxşı hazırlaşacağıq. Rəqib barədə daha çox informasiyamız olacaq".
Sportnet.az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Ruslan Malinovski oktyabrın 13-də Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə oyunu haqqında danışarkən deyib.
İtaliya "Cenoa"sından dəvət almış 32 yaşlı yarımmüdafiəçi hazırda əsas məqsədlərinin bərpa olunmaqdan ibarət olduğunu bildirib: "Azərbaycana qarşı da 90 dəqiqə konsentrasiya və maksimum fədakarlıq lazımdır".
Malinovski 2024-cü ilin sentyabrından sonra yığmada ilk oyununu oktyabrın 10-da səfərdə İslandiyaya qarşı keçirib. O, 14-cü və 45+5-ci dəqiqələrdə fərqlənərək, komandasının 5:3 hesablı qələbəsində böyük pay sahibi olub. Təcrübəli futbolçu 86-cı dəqiqədə əvəzlənib.
Ukraynalı oyunçu 21 sentyabr 2024-cü ildə "Venesiya"ya qarşı İtaliya A Seriyasının oyunu zamanı "Cenoa"nın oyunu zamanı aldığı ciddi zədə üzündən uzun müddət oynamayıb.
Qeyd edək ki, sabah "Krakoviya" stadionunda keçiriləcək Ukrayna - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.