
- Bakıda Azərbaycanla xoşagəlməz heç-heçə olmuşdu. Həmin səhvləri təkrarlamamaq üçün nə etmək lazımdır? Əsas diqqət nəyə yönələcək?
— Bu, tamamilə fərqli oyun olacaq. O vaxt ilk növbədə meydanın vəziyyəti çox mane olmuşdu. Həm də çoxlu futbolçular ilk dəfə milli komandada çıxış edirdilər, yəqin ki, həyəcan da var idi. Amma əminəm ki, indi, İslandiya ilə oyundan sonra futbolçular daha inamlı şəkildə meydana çıxacaqlar. Bilmirəm, niyə biz həmişə ancaq uğursuzluqlardan sonra reaksiya veririk. Məğlub olanda çox yaxşı oyun göstəririk. Amma ümid edirəm və əminəm ki, sabah uşaqlar ilk dəqiqədən öz gücümüzü göstərəcəklər və bu xalların bizim üçün Azərbaycan millisindən qat-qat vacib olduğunu sübut edəcəklər.
– Ukrayna yığması ikinci oyunlarını birincidən zəif keçirir. Bu dəfə belə halın qarşısını necə almaq olar?
— Mən əminəm ki, biz Azərbaycanla eyni şəraitdəyik, amma vəziyyəti nəzərə alsaq, bu oyun bizim üçün çox daha vacibdir. Düşünmürəm ki, kimsə bu barədə çox düşünür, çünki biz artıq belə fikirləri təkzib etmişik. Futbolçuların heç biri bu məsələyə ilişməyib. Hamı diqqətini çox vacib oyuna yönəldib və sabah hər kəs maksimumunu göstərməlidir.
– Bakıdakı oyundan sonra demişdiniz ki, komandanız yalnız son dəqiqələrdə rəqibin cərimə meydançasına yüklənməyə başladı. Sabah, İslandiya ilə ağır oyundan sonra, ilk dəqiqələrdən fəal oynamağa hazır olacaqsınızmı?
— Biz artıq İslandiya ilə oyunu təhlil etdik, orada hücumda tam fərqli hərəkət edirdik. Gördünüz ki, rəqibin cərimə meydançasında kifayət qədər futbolçumuz var idi, daim müxtəlif variantlar yaranırdı. Futbolçular anlamalıdırlar ki, rəqibin cərimə meydançasında daha çox imkanlar yaratmaq və inanmaq lazımdır ki, top onlara çatacaq. Azərbaycanla oyunu təhlil edəndə gördük ki, o zaman rəqib cərimə meydançasında çox az oyunçumuz olurdu və rəqibə o qədər də təzyiq göstərə bilməmişdik.
– Qrupda vəziyyət çox çətindir. Ola bilsin, sonda vurulan və buraxılan qollar da həlledici olacaq. İndi məqsəd İslaniyadan bu göstəriciyə görə öndə olmaq üçün mümkün qədər çox qol vurmaqdırmı?
— Mən heç vaxt futbolçulara demirəm ki, “bir qol vuraq və müdafiəyə çəkilək”. Əksinə düşünürəm: qol vurmuşuqsa, hücumu davam etdirməliyik. Çox vaxt 1:0 öndə oluruq və sonunda cavab qolunu buraxırıq. Bu seçmə mərhələdə, eləcə də Avropa çempionatında olduğu kimi, təkcə xallar deyil, top fərqi də hesablanır. Ona görə də imkan olsa, mümkün qədər çox qol vurmaq vacibdir. Amma hər şeydən öncə sabah bizim üçün əsas məsələ – üç xal qazanmaqdır.
– Mətbuatda yazılıb ki, siz “Panatinaikos”un baş məşqçisi ola bilərsiniz. Bunu təsdiq edirsiniz, yoxsa təkzib?
— Klublar bəzən müxtəlif baş məşqçilərlə maraqlanır. Baxın, bu oyundan öncə mənimlə bağlı nə qədər söz-söhbət çıxarıblar. Hər dəfə hansısa klub maraqlansa, dərhal deyirlər: “O necə ola bilər? Axı o heç kim deyil!” Doğrudan da, müəyyən maraq var, çünki mən milliyə qədər pis işləməmişəm. Maraqlanan klublar var. Amma hazırda mən Ukrayna millisində çalışıram, öz ölkəmə hörmət edirəm və dəqiq deyirəm – komanda ilə sonadək işləyəcəyəm.
– Voloşinin sürətinə və dinamizminə baxanda demək olarmı ki, o, tədricən yığmanın yeni Mudriki olur? Ümumiyyətlə, hazırda komandada ən sürətli futbolçu kimdir?
— Təəssüf ki, bizdə futbolçuların maksimum sürətini yoxlamağa vaxt yoxdur. Amma düşünürəm ki, Nazar İslandiya ilə oyunda çox yaxşı çıxış etdi. Lakin hələ onu komandanın lideri adlandırmaq olmaz. O, həm klubunda, həm də millidə yüksək səviyyədə oynamalıdır. Hər bir futbolçu — istər 90 dəqiqə, istər 5 dəqiqə oynasın — maksimumunu göstərməlidir. Bu, Nazarın millidə ikinci oyunu idi və o, bizə çox kömək etdi.
– Komandada vəziyyət necədir, Yeqor Yarmolyuk sabah oynaya biləcəkmi? Sudakovdan başqa zədəli varmı?
— Xeyr, başqa zədəli yoxdur. Yeqor dünən artıq ümumi qrupda məşq etdi, bu gün də məşq edir. Sabah tam hazır olub-olmayacağını görəcəyik. Vacibdir ki, sabah meydana çıxacaq hər bir futbolçu 100 faiz hazır olsun və maksimum səviyyədə oynasın.
– Ehtiyat siyahıda Dmytro Krıskiv və Oleksandr Pixalyonok var. Sudakovun zədəsini və Yarmolyukun bərpasını nəzərə alaraq niyə onları çağırmadınız? Ümumiyyətlə, bu siyahı nəyə lazımdır?
— Əsas siyahını oyundan dörd həftə əvvəl təqdim edirik. Bu müddətdə “Şaxtyor” və “Dinamo” kimi komandalar yeddi oyun keçirir, ona görə kiminsə zədələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Kimsə zədə alarsa, ehtiyat siyahı məhz bu məqsədlə olur.
Azərbaycanla oyundan öncəki vəziyyətə gəlincə — biz elə dövrdə yaşayırıq ki, Ukraynadan çıxmaq çox çətindir. Siz Krıskivi xatırlatdınız — o, klubunun son oyununu buraxmışdı və mən onun hansı vəziyyətdə olduğunu, oynamağa hazır olub-olmadığını bilmirəm. Məncə, hazırkı heyət qələbə üçün kifayətdir.
– Azarkeşlərə müraciətiniz varmı?
— Mən Ukrayna azarkeşlərinə müraciət etmək istəyirəm: bizim üçün sizin dəstəyiniz çox vacibdir. Polşaya da təşəkkürümü bildirirəm — bizə ev oyunlarını burada keçirməyə imkan verir. Burada şərait həmişə çox yaxşıdır. Əminəm ki, sabah stadionda təkcə ukraynalılar deyil, həm də Ukraynanı dəstəkləyən polyaklar olacaq.