
Ukrayna Futbol Assosiasiyasının rəsmi saytında millinin baş məşqçisi Sergey Rebrovun Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra səsləndirdiyi fikirlər təhrif olunub.
Sportnet.az-ın məlumatına görə, sayta yerləşdirilən açıqlamada 51 yaşlı mütəxəssisin adından "Azərbaycan millisi niyə özünə hörmət etmir?" cümləsi yazılıb. Əslində isə bu, "Azərbaycan niyə öz millisinə hörmət etmir?" kimi olmalı idi.
Lakin tezliklə Rebrovun oyunsonrası açıqlaması bütövlükdə saytdan çıxarılıb. Bir müddət sonra sayta baş məşqçinin mətbuat konfransındakı fikirləri yenidən yerləşdirilib və bu vaxt həmin ifadə ümumiyyətlə çıxarılıb. Yəni, nə yanlış, nə də doğru forması yazılıb.
Bununla belə, Rebrovun Azərbaycan millisi barədə digər xoş sözləri saytda əksini tapıb.