
Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, Krakovdakı görüşdə qol və məhsuldar ötürmə ilə fərqlənən təcrübəli futbolçu azarkeşlərin 55 faiz səsini toplayaraq ikinci dəfə “Oyunun aslanı” mükafatına layiq görülüb.
Malinovski Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında oyunun çətin keçdiyini bildirib: “Yorğun idim, çünki çoxdan iki gün ara ilə oynamamışdım. Üstəlik, İslandiyadan çətin səfər oldu. Bütün gücümü meydanda qoydum və komandaya görə çox şadam. İlk hissədə çoxsaylı imkanlar yaratdıq, amma bir toxunuş və ya son ötürmə çatmadı. Ola bilsin, bəzi səhvlərə yol verdik, amma əsas məsələ nəticə idi”.
Ukraynalı futbolçu Azərbaycan yığmasının da keyfiyyətli oyun nümayiş etdirdiyini vurğulayıb: “Görürük ki, bütün rəqiblər futbol oynamağı bacarır, Azərbaycan da istisna deyil. Oyun asan keçmədi, amma vacib olan qələbədir. İndi növbəti matçlara hazırlaşacağıq”.
Malinovski ardıcıl iki görüşdə qol vurmasının karyerasında nadir hal olduğunu da diqqətə çatdırıb: “Sonuncu dəfə bunu "Atalanta"da etmişdim. O zaman 9 oyun ardıcıl qol və ötürmə ilə yadda qalmışdım. Amma iki matçda ardıcıl sağ ayağımla qol vurmağım ilk dəfədir. Ümumilikdə bu, üçüncü haldır – birincisi "Yuventus"a qarşı idi. Qol vurmaq xoşdur, amma əsas komandamızın qələbəsidir”.
Futbolçu həmçinin ardıcıl oyunların fiziki baxımdan çətin keçdiyini deyib: “İslandiyada meydança sərt idi, top daha sürətli hərəkət edirdi. Krakovda isə ot örtüyü yumşaq idi. Artıq məşqdə hiss etdim ki, ayaqlar yorulub, əzələlər fərqli işləyir. Asan deyildi”.
Qeyd edək ki, Ruslan Malinovski İslandiya ilə səfər oyununda dubl edib, Azərbaycanla matçda isə qələbə topunu vurub.