
"Qarabağ" komandası İspaniyada "Atletik Bilbao"ya qarşı oyununun keçiriləcəyi "San Mames" stadionunda məşqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesinin ilk 15 dəqiqəsi mediaya açıq olub.
Məşqdə adı Çempionlar Liqasının sifariş ərizəsində olmayan Ramil Şeydayev də iştirak edib. O da digər futbolçular kimi topsuz və toplu çalışmalarla məşğul olub.
Şeydayev "Neftçi"də uzun müddət əsas heyətdən kənarda qaldığı üçün məşq və oyun praktikası sarıdan əziyyət çəkir. Sonradan o, azad agent qismində "Qarabağ"a transfer olunub.
Baş məşqçi Qurban Qurbanov onu komanda ilə birlikdə İspaniyaya aparıb. Matçda tamaşaçı qismində yer alacağı gözlənilsə də, Şeydayev kollektiv çalışmalara da qatılıb.
Qeyd edək ki, bu gün təşkil olunacaq "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.