Xorvatiyanın "Dinamo Zaqreb" komandasının futbolçusu Kardozu Varela UEFA Avropa Liqasında III turun İsveç "Malmö"sü ilə qarşılaşmasında xilaskara çevrilib.
Sportnet.az-ın məlumatına görə, Anqola əsilli portuqaliyalı yarımmüdafiəçi 90+6-cı dəqiqədə paytaxt təmsilçisinin bərabərlik qolunu vurub - 1:1.
Bununla da Varela avrokuboklar tarixində ən gənc qol müəlliflərindən birinə çevrilib. Daha dəqiqi o, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində fərqlənən dördüncü 16 yaşlı futbolçu olub.
Bu matçda "Malmö"nün "Zirə"dən istedadlı oyunçu kimi transfer etdiyi Salifu Suma sonadək ehtiyatda qalıb.
Avrokuboklarda 16 yaşında qol vuran futbolçular:
1. Romelu Lukaku - 16 yaş 218 gün (Avropa Liqası, "Ayaks" - "ANDERLEXT" - 1:3, 17.12.2009)
2. İker Munyain - 16 yaş 272 gün (Avropa Liqası, "ATLETİK BİLBAO" - "Austriya Vyana" - 3:0, 17.9.2009)
3. Jorti Mokio - 16 yaş 350 gün (Avropa Liqası, "Yunion" - "AYAKS" - 0:2, 13.2.2025)
4. Kardozu Varela - 16 yaş 359 gün (Avropa Liqası, "Malmö" - "DİNAMO ZAQREB" - 1:1, 23.10.2025)



































































