2026-cı il dünya çempionatının seçmə qrup mərhələsində növbəti tura start verilib.
Sportnet.az xəbər verir ki, D qrupunda Fransa millisi Ukrayna ilə görüşdə 4:0 hesablı qələbə qazanıb.
Qolların hamısı ikinci hissədə vurulub. Kapitan Kilian Mbappenin dubl etdiyi qarşılaşmada digər qolları Maykl Olise və Yuqo Ekitike vurub.
Bununla da Fransa millisi xalını 13-ə çatdırıb və qrupda 1-ci yeri təmin edərək, DÇ-2026-ya birbaşa vəsiqə qazanıb. "Xoruzlar" üçün noyabrın 16-da Bakıda Azərbaycan millisi ilə son tur qarşılaşması formal xarakter daşıyacaq.
Pley-off mərhələsinə vəsiqənin taleyi isə hərəyə 7 xala malik Ukrayna və İslandiya yığmaları arasındakı görüşdə həll olunacaq.
F qrupunda İrlandiya və Portuqaliya milliləri arasındakı qarşılaşma meydan sahiblərinin xeyrinə sensasion nəticə ilə yekunlaşıb - 2:0. Hər iki qolu ilk yarıda Troy Parrott vurub. İkinci hissə isə qonaq komandanın kapitanı Kriştianu Ronaldunun birbaşa qırmızı vərəqə alması ilə əlamətdar olub.
Qrupun digər görüşündə Macarıstan səfərdə Ermənistanı minimal hesabla yenib. Bununla da qrupda birinci yerin taleyi son tura saxlanılıb. Lider Portuqaliya evdə Ermənistanı yenə bilsə, DÇ-2026-ya birbaşa vəsiqə qazanacaq.
I qrupunda Norveç millisi növbəti böyük hesablı qələbəsini Estoniya üzərində qazanıb. Cəmi 13 dəqiqəyə vurulan 4 qoldan yarısı Aleksander Sörlotun, yarısı isə Erlin Holannın aktivinə yazılıb.
Qrupun digər görüşündə İtaliya Moldovaya səfərdə qalib gəlib və birinci yer uğrunda mübarizə şansını davam etdirib. Lakin son turda Norveç üzərində istənilən hesablı yox, ən azı 9 top fərqi ilə qələbə lazımdır. Çünki xallar bərabər olduqda, artıq şəxsi görüşlərə yox, topların nisbətinə baxılır.
Nəhayət, K qrupunda İngiltərə ardıcıl 7-ci qələbəsini Serbiya üzərində qazanıb. Qrupun digər görüşündə Albaniyanın səfərdə Andorraya minimal hesabla qalib gəlməsi səbəbindən, Serbiya pley-off şanslarını da itirib.
Qeyd edək ki, Fransadan öncə İngiltərə yığması DÇ-2026-ya Avropa zonasından birbaşa vəsiqə qazanmışdı.
---------------------
Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma oynanılacaq.
Azərbaycan millisinin İslandiya ilə qarşılaşacağı D qrupunda Fransa Ukraynanı qəbul edəcək. Parisdə meydan sahibləri qələbə qazanacağı təqdirdə, Bakıdakı görüşün nəticəsindən asılı olmayaraq, birbaşa DÇ-2026-ya vəsiqəni təmin edəcəklər.
Oxşar hadisə F qrupunda da yaşana bilər. Bunun üçün Portuqaliyaya İrlandiyanı səfərdə məğlub etməsi yetərlidir. Belə bir halda Macarıstanın Ermənistanla səfər görüşünün nəticəsi birbaşa vəsiqə baxımından önəm kəsb etməyəcək.
I qrupunda Norveç xal itirmədən liderliyini davam etdirsə də, hələ 1-ci yeri tam təmin etməyib. Skandinaviyalılar bu dəfə Estoniyanı qəbul edəcək. 15 xala malik İtaliya qrupun digər oyununda Moldovanı səfərdə yenə bilsə, birbaşa vəsiqənin taleyi son turun İtaliya - Norveç görüşündə həll olunacaq.
Nəhayət, K qrupunda DÇ-2026-ya vəsiqəni təmin etmiş İngiltərə 10 xalla 3-cü yerdə gedən Serbiyanı qəbul edəcək. 11 xala malik Albaniya isə Andorra ilə səfər matçında qələbə qazansa, ikinci yeri təmin edə bilər. Bunun üçün Serbiyanın uduzması lazımdır.
D qrupu
21:00. Azərbaycan - İslandiya - 0:2
23:45. Fransa - Ukrayna - 4:0
Qollar: Kilian Mbappe, 55 (pen.); 83. Maykl Olise, 76; Yuqo Ekitike, 88
Xal durumu: Fransa - 13 xal (5 oyuna), İslandiya - 7 (5), Ukrayna - 7 (5), Azərbaycan - 1 (5)
F qrupu
21:00. Ermənistan - Macarıstan - 0:1
Qol: Barnabaş Varqa, 33
23:45. İrlandiya - Portuqaliya - 2:0
Qollar: Troy Parrott, 17; 45
Qırmızı vərəqə: Kriştianu Ronaldu, 59 (Portuqaliya)
Xal durumu: Portuqaliya - 10 xal (5 oyuna), Macarıstan - 8 (5), İrlandiya - 7 (5), Ermənistan - 3 (5)
I qrupu
21:00. Norveç - Estoniya - 4:1
Qollar: Aleksander Sörlot, 50; 52. Erlin Holann, 56; 62
23:45. Moldova - İtaliya - 0:2
Qollar: Canluka Mançini, 90+2. Françesko Pio Espozito, 90+2
Xal durumu: Norveç - 21 xal (7 oyuna), İtaliya - 18 (7), İsrail - 9 (7), Estoniya - 4 (8), Moldova - 1 (7)
K qrupu
23:45. İngiltərə - Serbiya - 2:0
Qollar: Bukayo Saka, 28. Ebereçi Eze, 90
23:45. Andorra - Albaniya - 0:1
Qol: Kristyan Aslani, 67
Xal durumu: İngiltərə - 21 xal (7 oyuna), Albaniya - 14 (7), Serbiya - 10 (7), Latviya - 5 (7), Andorra - 1 (8).















































































