DÇ-2026-nın seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – Fransa matçında qonaqlar 3:1 hesabı ilə qalib gəlib.
Sportnet.az xəbər verir ki, matçdan sonra Fransa millisinin gənc və istedadlı futbolçusu Uorren Zair-Emeri jurnalistlərə açıqlamasında həm şəxsi çıxışını, həm də komandanın ümumi performansını dəyərləndirib.
Qarşılaşmaya yanaşmaları barədə danışan Zair-Emeri bildirib ki, artıq vəsiqəni təmin etmələrinə baxmayaraq, komanda hər matça eyni ciddiyyətlə köklənir:
“Bu cür oyunlar çətin olur, xüsusilə artıq vəsiqəni təmin etmişiksə. Amma Fransa millisi olaraq biz daim qalibiyyət üçün oynayırıq. Dəyərlərimiz var və onları qorumağa çalışırıq. Ümumilikdə bu matçda da yaxşı çıxış etdik".
Şəxsi formasından danışan yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini vurğulayıb:
“Meydanda daha inamlıyam, mental olaraq da özümü yaxşı hiss edirəm. Burada oynamaq mənə motivasiya verir. Çalışıram ki, bu səviyyəni davam etdirim".
Gənc futbolçu həmçinin dünya çempionatına aparan yolda rəqabətin güclü olduğunu da etiraf edib:
“Fransa millisində oynamaq hər zaman təzyiq deməkdir. Amma bunu idarə etməyi öyrənmişəm. Əsas məqsədim klubda yaxşı çıxış etməkdir. Çünki buraya qayıtmaq üçün ilk növbədə klubda performans göstərməliyəm".
Zair-Emeri yaxın aylardakı planları ilə bağlı da fikir bildirib:
“Futbolda hər şey sürətlə dəyişir. Amma qarşıda məni çox oyun gözləyir. Daha çox vaxt, daha çox fürsət olacaq. Yaxşı çıxış etməliyəm. Buraya qayıtmaq üçün əsas yol klublardakı oyunlardır".
Qeyd edək ki, Fransa millisi qələbə ilə seçmə mərhələni lider kimi tamamlayıb. Azərbaycan isə qrup mərhələsində sonuncu oyununu da məğlubiyyətlə bitirərək 4-cü yerdə qərarlaşıb.
Haşım MƏMMƏDOV











































































