Braziliyalı ulduz Neymarın atası Neymar da Silva Santosun sahibi olduğu NR Sports şirkəti məşhur “Pelé” ticarət markasını rəsmi şəkildə satın alıb.
Sportnet.az UOL-a istinadən xəbər verir ki, razılaşma Pelé adına, görüntüsünə, məhsul lisenziyalarına, tarixi arxivlərinə və futbol əfsanəsinin irsi ilə bağlı digər hüquqlara şamil olunur.
Əməliyyatın dəyəri rəsmi açıqlanmasa da, prosesə yaxın mənbələr anlaşmanın təxminən 15,5 milyon avro təşkil etdiyini bildirir.
Danışıqların sürətlə və problemsiz aparılması brendə marağın Pelenin 29 dekabr 2022-ci ildə vəfatından sonra azalması ilə əlaqədar olub.
NR Sports həmçinin “Santos” klubunun “Vila Belmiro” stadionunda Pelénin istifadə etdiyi VIP-lojanı tam şəkildə yenidən quraraq simvolik jest edib. Məkan yeni oturacaqlar, kondisioner, şüşə örtük və xüsusi sanitar qovşağı ilə təchiz olunub. Hazırda lojanı tez-tez Pelénin ailə üzvləri ziyarət edir.
Brendin satın alınmasına dair rəsmi təqdimat mərasimi 19 noyabrda - Pelenin karyerasındakı mininci qolunun ildönümünə təsadüf edən tarixdə keçiriləcək.










































































