"Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəldikləri Bizon Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Oyunu çox sakit izləyirdiniz. Sanki qələbəyə arxayın idiniz...
- Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.
- Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?
- I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.
- Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiniz. Dünən Kurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?
- Dünən qərar verdim ki, bu barədə danışmayacağam. Nə mənada? İstəmirəm ki, hörmətsizlik kimi çıxsın. Hər bir klub sərbəstdir, hər birinin qərarları özlərinə görə düzgündür. Heç kimə deyə bilmərik ki, kimisə oynadın və ya kimisə oynatmayın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşirlər. Bu, daxildən gəlməlidir. Hər gün bir məşqçi danışacaq, biz ona cavab verəcəyik? Olmaz. Ən azı, hamımız milliyə hörmət etməliyik.
- Növbəti mərhələdə rəqibinizin "Qarabağ", yoxsa "Karvan-Yevlax" olmasını istəyərdiz?
- "Karvan-Yevlax"ı istəyərdim (gülür - red.).



































































