“İnter Mayami” MLS Kuboku–2025-in pley-off finalında “Vankuver Uaytkaps”ı 3:1 hesabı ilə məğlub edərək Şimali Amerikanın ən yüksək liqasının çempionu olub.
Sportnet.az xəbər verir ki, bu qələbə klub tarixində ilk MLS Kuboku uğuru kimi qeydə alınıb.
2018-ci ildə yaradılan və 2020-ci ildən MLS-də çıxış edən Mayami təmsilçisi son illərdə əldə etdiyi uğurlarla diqqət çəkir. Komanda 2023-cü ildə Şimali Amerika Liqa Kuboku, 2024-cü ildə isə MLS-in müntəzəm mövsümünün qalibi olub. Bu dəfə isə klub ən böyük hədəfinə – MLS Kubokuna sahib çıxmağı bacarıb.
Devid Bekhemə məxsus klubun heyəti futbol dünyasının tanınmış adları ilə zəngindir. “İnter Mayami”nin əsas simaları sırasında müdafiəçi Jordi Alba, yarımmüdafiəçilər Rodriqo De Paul və Serxio Buskets, hücumçu Luis Suarez kimi ulduz futbolçular yer alır. Komandanın kapitanı isə Lionel Messidir. Messi İspaniya ("Barselona") və Fransadan (PSJ) sonra ABŞ çempionu titulunu da əldə edib.
Mayami təmsilçisinin qələbəsi MLS tarixində ən sürətli yüksəlişlərdən biri kimi dəyərləndirilir.















































































